Ermənistanda hakimiyyət savaşı: Regionu nə gözləyir?
“Paşinyan hakimiyyətdən getsə, müharibə qaçınılmaz ola bilər”
Bu fikirləri Yenicag.az- a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Politoloq Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın məğlub olacağı təqdirdə, Rusiyanın “əlaltıları”ndan birinin hökumət başına keçəcəyi və müharibənin yenidən başlaya biləcəyi ilə bağlı iddialara münasibət bildirib:
“Rusiya prezidenti ilə Ermənistan baş naziri arasında Rusiyada baş tutan görüşdə Rusiya tərəfinin Paşinyandan digər namizədləri (o cümlədən həbsdə olanları) azadlığa buraxaraq seçkiyə buraxmasını tələb etməsinin arxasında Ermənistandakı siyasi prosesləri dəyişmək niyyəti dayanır. Təbii ki, məsələyə geniş perspektivdən baxdıqda, regionda müharibənin yenidən alovlanmasında maraqlı olan ciddi qüvvələr var. Hesab edirəm ki, hazırkı vəziyyətdə Ermənistanda Paşinyandan başqa digər qüvvələrin hakimiyyətə gəlməsi müharibə ehtimalını əhəmiyyətli dərəcədə artıracaq. Hətta deyərdim ki, bu halda müharibə qətiləşə bilər. Çünki istər Karapetyan, istər Köçəryan, istərsə də digər revansist qüvvələr olsun onlar Rusiyanın maraqlarına xidmət edən oyunçulardır. Əgər bu ssenari reallaşarsa və onlardan biri hakimiyyətə gələrsə, müharibə qaçınılmaz olacaq”.
Nurlan Cəfəri













