Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın İranla “hərbi əməkdaşlıq” blefi: İrəvanın bu addımı nəyə hesablanıb?

Reklam: Sinerji Pro

“Əslində, İrəvanın bu yalanından onun özünə qarşı istifadə etməliydik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında, Ermənistanın, İranın Hərbi-Sənaye Kompleksi (HSK) ilə əməkdaşlığı genişləndirdiyinə dair, İrəvandan verilən bəyanatlara münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Eyvazovun sözlərinə görə, Ermənistanın İranla birgə hərbi məhsullar istehsal etməsi haqda məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır:

“İranın dini lideri Xameneyinin verdiyi fətvaya görə, Ermənistanla hər hansı hərbi əməkdaşlığın qurulması qadağandır. Düşünürəm ki, İran bu qərarına sadiqdir. İran RLS istehsal etmək üçün, Ermənistanın hansısa elmi-təhqiqat institutunun əldə etdiyi nəticələrdən yararlanır. Yəni bu, İranla Ermənistanın birgə hərbi məhsullar istehsal etməsi kimi başa düşülməməlidir. İran sadəcə, Ermənistan alimlərinin tədqiqatlarını öz hərbi sənayesində tətbiq edir. İranda istehsal olunmuş həmin RLS-lər satışa çıxarılmır və Ermənistanın özünə də verilmir. O baxımdan, Ermənistanın İranla birgə istehsal haqda apardığı təbliğat tamamilə blefdir. Bir məqama da toxunmaq istərdim. Azərbaycan prezidentinin səyləri nəticəsində, ölkəmizlə İran arasında münasibətlər kifayət qədər inkişaf etdirilib, iqtisadi əlaqələr genişləndirilib. Ən əsası da, Azərbaycanla İran arasında istər tarixi, istərsə də milli-dini bağlılıq var. Ancaq təəssüf ki, bu əlaqələrdən öz faydamız üçün yetərincə istifadə edə bilmirik”.

Ekspertin fikrincə, Ermənistan Azərbaycan-İran münasibətlərini korlamaq üçün əlindən gələni edir, İrəvanda təşkil olunan sərgidə İranla birgə istehsal barəsində verilən bəyanatlar da bu məqsəddən irəli gəlir:

“Bu, ermənilər tərəfindən İranla Azərbaycan arasında gərginliyi artırmağa hesablanmış bir addım idi. Bizim bəzi mətbu orqanlar da Ermənistanın bu təbliğatının arxasındakı məqsədi “tutmayaraq”, həmin açıqlamaları tirajladılar. Əslində, biz İrəvanın bu yalanından onun özünə qarşı istifadə etməliydik. Bildirilməliydi ki, belə bir iş varsa, beynəlxalq embarqo ilə üzləşmiş, İranla birgə silah istehsalına baş vuran Ermənistan cəzalandırılmalıdır. Lakin təəssüf ki, bu, baş vermədi”.

Qeyd edək ki, Ermənistan mediasında işğalçı ölkənin İran şirkətləri ilə birlikdə NBC avadanlıqları, habelə hərbi toxuculuq məhsullarının istehsalını həyata keçirmək niyyəti haqqında məlumatlar yayılıb. Eyni zamanda, tərəflərin radioelektronika və lazer texnologiyaları sahəsində mövcud əməkdaşlığı davam etdirməyi planlaşdırdıqları iddia olunub.

Həmin iddialara əsasən, Ermənistan və İranın müdafiə sənayesinə daxil olan müəssisələri arasında radioelektronika sahəsində artıq 5 ilə yaxındır ki, əməkdaşlıq mövcuddur.

Səxavət Məmməd

www.yenicag.az

1991