“Ermənistanın mülki obyektlərin qarşısına hərbi avadanlıqları yerləşdirməsi bir daha sübut edir ki, bu ölkə heç bir zaman müharibə qayda-qanunlarına əməl etməyib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Siyasi təhlilçi Ermənistanın hərbi arsenalını mülki obyektlərin ətrafına qoyması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
S. Kərimliyə görə, Ermənistan Birinci və İkinci Qarabağ müharibəsi dövründə, eləcə də anti-terror tədbirləri zamanı daim hərbi mövqelərini və arsenalını mülki obyektlərin ətrafında yerləşdirib:
“Bundan əvvəl də onlar uşaq bağçaları, sosial obyektlərə və orta məktəb binalarına hərbi arsenal cəmləşdirmişdilər ki, mülki obyektlərə qarşı hərbi təcavüz kimi bunu bütün dünyaya sübut etsinlər. Sevindirici hal isə budur ki, Azərbaycan bu çətin situasiyadan yüksək peşəkarlıqla çıxıb. İkinci Qarabağ müharibəsi və birgünlük anti-terror tədbirləri zamanı Azərbaycan heç bir zaman Ermənistanın mülki yaşayış obyektlərini hədəf almayıb. Azərbaycan çox peşəkarlıqla konkret olaraq hərbi arsenal olan nöqtələri darmadağın edib ki, bu prosesdə heç bir mülki şəxs də ziyan çəkməyib”.
Onun sözlərinə görə, bu gün Ermənistan xarici havadarlarının hərbi yardımlarından istifadə edir, kütləvi şəkildə silahlanır və hərbi arsenalını gücləndirməyə çalışır:
“Təəssüf ki, onlar bu silah-sursatları da mülki obyektlərdə yerləşdirir. Bununla da onlar fikirləşirlər ki, hər hansı bir döyüş halında Azərbaycanın cavab vermə imkanlarını məhdudlaşdıra bilərlər. Lakin reallıq budur ki, ordumuz peşəkardır və hərbi əməliyyatlar həyata keçirir. Belə olan halda, anında həmin hərbi nöqtələr yerlə yeksan ediləcək və heç biri mülki şəxsə ziyan dəyməyəcək”.
“Ermənistan bu riyakarlığı həyata keçirməklə yenə də öz mahiyyətini, murdar xislətini ortaya qoyur və bütün dünyanın gözü qarşısında yaramaz hərəkətləri həyata keçirir. Ümumiyyətlə, beynəlxalq təşkilatlar bu addımı pisləməlidir ki, Ermənistan niyə hərbi obyektləri mülki ərazilərdə yerləşdirir? Hərbi obyektin yerləşdirilməsi üçün Azərbaycanla şərti sərhədlər var. Əgər onlar şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribatlar törətməyə cəhd edərlərsə, təbii ki, bu ərazidə olan hərbi kontingent dağıdılacaq və Ermənistana öldürücü, eləcə də sarsıdıcı zərbələr endiriləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, “Telegram” kanallarında Ermənistanın hərbi texnikalarını mülki yaşayış məntəqələrində maskalamağa çalışmağa davam etməsi ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, Cermux şəhərində Ermənistanın radio-elektron kəşfiyyat bölmələri mülki yaşayış məntəqəsində fəaliyyət göstərir.
Rafi Müslümov
www.yenicag.az