!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina etməsi üçün...” – ŞƏRH

!Reklam – Yazi

“Nikol Paşinyanın Konstitusiyaya dəyişikliklər məqsədilə yaratdığı xüsusi komissiya bu tələbdən irəli gəlir”.

Bu fikirləri Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini bəyan etmiş Ermənistanın bu çərçivədə ondan tələb olunan addımları atıb-atmayacağını dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Türkiyəyə qarşı müxtəlif iddialarından rəsmən imtina etməsi zaman məsələsidir:

“Bildiyiniz kimi, ikitərəfli münasibətlərin normallaşdırılması üçün artıq Türkiyə ilə Ermənistan təmsilçilərinin Moskvada ilk görüşü keçirilib və tərəflər danışıqların davam etdirilməsini razılaşdırıblar.

Hazırda Ermənistan mətbuatına nəzər saldıqda, iki ölkə arasında problemlərin aradan qaldırılması üçün hansı addımların atıla biləcəyi müzakirə olunmaqdadır. Bu çərçivədə əlbəttə ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilk sırada dayanır.

Çünki Ermənistanın qəbul etdiyi Müstəqillik Aktında və Konstitusiyasında Türkiyənin qərbindəki ərazilərə iddia edilib. Eyni zamanda, bu ölkənin himnində və gerbində də Türkiyə üçün qəbuledilməz elementlər var.

Hər halda, Ermənistanda bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Fikrimcə, Nikol Paşinyanın Konstitusiyaya dəyişikliklər məqsədilə yaratdığı xüsusi komissiya bu tələbdən irəli gəlir.

Yəni məsələyə geniş baxdıqda, burada Türkiyə tərəfindən hər hansı problem yoxdur. Ermənistan məlum şərtləri yerinə yetirəcəyi təqdirdə, sərhədlərin açılması və münasibətlərin normallaşdırılması üçün əngəl qalmayacaq. Lakin Ermənistanın bu addımları tezliklə atacağı gözlənilmir”.

A.Zeynalov

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv