Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıda görüşlər keçirəcək
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələri arasında növbəti görüşün Bakıda keçirilməsi planlaşdırılır.

Bunu Yenicag.az-a açıqlamasında “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın paytaxtı İrəvana səfəri və orada keçirdikləri görüşlər barədə danışarkən deyib.
Onun sözlərinə görə səfərin tarixi dəqiqləşdirilir:
“İrəvanda bizimlə masa arxasına əyləşən nümayəndə heyəti Azərbaycana səfər edəcək. Hazırda tarixlərin dəqiqləşdirilməsi istiqamətində danışıqlar gedir. Lakin yaxın vaxtlarda onları da Bakıda görəcəyik”.

İrəvanda keçirilmiş görüşlə bağlı K.Məmmədova qeyd edib ki, bu iki ölkənin vətəndaş cəmiyyətləri arasında üçüncü tərəfin iştirak olmadan ilk görüş idi:
“Təmaslar və dəyirmi masa olduqca konstruktiv ruhda keçdi. Azərbaycan nümayəndələri ilə görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak etdi. Onunla da dialoqumuz konstruktiv tonda baş tutdu. Müzakirə mövzumuz tərəfləri narahat edən məsələlər idi. Münasibətlərin normallaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin imkanlarından, sülhə töhfə verəcək təşəbbüslərdən bəhs etdik. Düşünürəm, uzun müddətdir ki, belə görüşə ehtiyac var idi. Düzdür, qeyd olunur ki, istər işğal, istərsə də ondan sonrakı dövrdə xeyli görüşlər baş tutub, amma nəticəsiz qalıb. Lakin qeyd etdiyim kimi, bu görüş ikitərəfli çərçivədə, üçüncü qüvvələrin iştirak olmadan keçirildi. Özümüz də şahid olmuşuq ki, ölkə rəhbərlərimiz yalnız ikitərəfli çərçivədə danışıqlarda irəliləyiş əldə etdi. Bu bir daha onu təsdiq edir ki, biz bir-birimizi yaxşı anlayırıq”.

Baş redaktor vurğulayıb ki, təmaslardan gözləntilər çoxdur:
“Dəyirmi masanın ab-havasında hiss olunurdu ki, mövqelərimiz üst-üstə düşür. Bir-birimizin həssas nöqtələrini, problemlərini anlayırıq. Düzdür, bir görüşdən sonra nəticə haqqında danışmaq tezdir, amma bunun davamlı olması üçün həm Azərbaycan, həm də Ermənistan tərəfindən təşəbbüslər mövcuddur. Təmaslar davamlı sülhün əldə olunmasına böyük köməklik edə bilər. Növbəti görüşün isə Bakıda keçirilməsi planlaşdırılır. İrəvanda bizimlə masa arxasına əyləşən nümayəndə heyəti Azərbaycana səfər edəcək. Hazırda tarixlərin dəqiqləşdirilməsi yönündə danışıqlar gedir. Lakin yaxın vaxtlarda onları da Bakıda görəcəyik”.
Məlik Məlikov












