!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməniyə ağlamaqdan kor olanların görmədikləri - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 19-cu buraxılışı ilə görüşünüzə gəlib.

Ramazan ayının gəlişi ilə başlayan mübahisələrə, pandemiya ilə bağlı məntiqsiz qərarlara, Hərbi Qənimətlər Parkı ətrafında yaradılan süni ajiotaja dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Rəqsanənin əlinə almağa utandığı mikrofon…

Əslində Azərbaycan cəmiyyətində istəsən də darıxmırsan. Məsələn, serrozdan öldüyü bilinən Rəmişin boynuna qoydular ki, sən koronadan ölmüsən, illərdir səni süründürən serrozdan deyil. İş o həddə çatıb ki, Rəqsanə də qayıdıb deyir ki, azacıq əxlaqınız olsun, adam mikrofonu əlinə almağa utanır. Daha mikrofondan kim hansı məqsədlər üçün necə istifadə edibsə, o məsum alət Rəqsanənin belə gözündən düşüb.

*

Ramazan ayında tənqidə bir şey tapmayanda…

Bu arada, Ramazan ayının daxil olması ilə feysbukun Azərbaycan seqmenti xəbər tutdu ki, bəzi restoranlar iftardan iftara işləyəcəklər. Və işin ən maraqlı tərəfi bu oldu ki, maksimum kimsə qonaq aparanda restorana gedənlər elə səs-küy saldılar ki, sanki restoranda yatıb-qalxan sekulyarizm fədailəridir. Halbuki, həqiqətən, azad ticarət dövrüdürsə, sahibkarın hansı zamanda restoranı açmasından sənə nə, mənə nə? Üstəlik, bu ənənə bir çox restoranlarda ta 90-cı illərin ortalarından bəri var. Neynəyək ki, siz indi xəbər tutmusunuz ki, Lenin ölüb. Qısacası, insanların inancları sizə maneə yaratmırsa, buraxın hər kəs öz inandığı ilə baş-başa qalsın.

*

Erməninin gözündə tiri görməyən “bizimkilər”…

Bu mələklər, müqəddəs rahibələr haradan peyda oldular? Boş dəbilqələrə görə şüvən qoparanlar bir dəfə də olsa, o dəbilqə sahiblərindən “Azərbaycan torpaqlarında nə itiniz azıb?” – deyə soruşublarmı? Xocalıda donmuş uşaq cəsədlərini paylaşıb, o vəhşiliyə etiraz ediblərmi? İşğaldan sonrakı Qarabağa baxıb, viran qoyulan Ağdamın, Füzulinin, Qubadlının, Zəngilanın hesabını sorublarmı ermənidən? Yoxsa dəbilqəmi ancaq sızladıb o kövrək qəlbləri? Siz humanistsiniz, yoxsa ermənist, cənablar və xanımlar?! Baxın, terrorçusuna, qatilinə heykəl qoyan millətdir erməni. Uzağa getməyək, Şirak vilayətində Osmanlının baş naziri Tələt Paşanı qətlə yetirən Teyliryana heykəl qoyan ermənilər o əli qanlı qatilin ayağının altına da Tələt Paşanın başını kəsib qoyublar. Yəni dəbilqəsini və ya papağını-filan da deyil, bildiyiniz insan başını. Budur erməninin gerçək xisləti…

Və çətinə düşəndə “Biz erməni kimi olmamalıyıq” cılız arqumentinin altına yıxılırsınız. Halbuki qan yaddaşını itirməmək üçün gərəkirsə, yağı düşməndən də öyrənəcəyimiz çox şeylər var.

*

İsveçi görməyib, gözü Fransanı axtaran trollar…

Operativ Qərargahın trolu olan doktorlardan hansı ağzını açsa, “Avropada hər yer bağlanıb”, – deyir. Mübarək, Almaniyaya baxana qədər İsveçə də bax da. Necə olur ki, hər sərsəmləməyə don geyindirmək üçün “İsveç elm adamları belə deyib”, – deyə bilirsiniz, ancaq koronavirus tədbirləri ilə bağlı heç bir qadağa tətbiq etməyən İsveçə deyil, Avropanın ən çirkli ölkəsi olan Fransaya baxırsınız… Üstəlik, qapalı yerdə hər kəs maskasız otura, ya da bir zibil qutusunun yanında saatlarla maskasız siqaret çəkib zəhərlənə bilərkən, yürüş edərkən maska taxmağı məcburi elan etmədəki məntiqi heç Hippokrat də izah edə bilməz, nəinki boş vaxtlarında TƏBİBə trolluq edən Adil və Vasif “doxtur”lar…

*

#RahatNəfəsAlaq

Son bir ildə ölkədə 77 milyon 600 min tibbi maska satılıb. Kənardan gətirilən, parça-filanı da üst-üstə gəlsən, deyək ki, 80 milyon maskadan istifadə olunub. Gün ərzində bir vətəndaşın öz sağlamlığı üçün üç dəfə maska dəyişdirməsinin vacib olduğunu nəzərə alsaq, bir ildə orta hesabla 9-10 milyard maskadan istifadə olunmalı olduğu halda, vətəndaşımız bir maskadan 40—45 gün istifadə edib. Onu da necə? Arxa cibinə qoyub, polisi görəndə, ya da qələbəlik bir yerə keçəndə keçirib ağzına. Yəni sağlığı üçün deyil, sırf cərimələnməmək üçün. Bəlkə də elə o üç saatlıq ömrü olsa da, üç ay ağızdan çıxmayan maskalar zəhərləyib, xəstələndirib, yatağa salıb insanları. Onun üçün imkan verin, rahat nəfəs alaq…

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv