“Əvvəllər plastik çəlləklərə doldurulan, üstü açıq şəraitdə saxlanılan turşuları satışda çox görürdük”.
Bu fikirləri ev şəraitində hazırlanan turşuların insanlarda zəhərlənmə riskini artırmasından danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanda qida zəhərlənmələrinə dair statistikada əsas yeri turşular tutur:
“Evlərdə hazırlanan turşulardan zəhərlənmə ona görə baş verir ki, insanlar tələb olunan normalara əməl etmirlər. Azərbaycanda ev şəraitində turşu hazırlanması bizim mətbəx mədəniyyətindən, ümumiyyətlə, çıxarılmalıdır.
Azad istehlakçılar Birliyi bunu nəzərə alaraq regionlarda əhali arasında maarifləndirmə işlərinin aparılması və müvafiq təlimlərin keçirilməsi üçün Prezident yanında QHT-lərə Dövlət dəstəyi Agentliyinə layihə də təqdim edib.
Əhalinin ev şəraitində turşu hazırlamağın normaları və standartları haqqında məlumatlandırılması həmin layihənin əsas istiqamətidir. Bundan başqa, insanların sənaye üsulu ilə hazırlanmış turşulara üstünlük verməyə təşviq edilmələri də layihənin əsas məqsədlərindən biridir.
Razılaşaq ki, turşular insan orqanizmi üçün zərərli qidadır. Əvvəllər plastik çəlləklərə doldurulan, üstü açıq şəraitdə saxlanılan turşuları satışda çox görürdük. İndi belə hallar nisbətən azalsa da, üzüm yarpaqlarının üzərinə sirkə tökərək plastik qablarda satıldığını yenə müşahidə edirik”.
Nuray Məmmədzadə
www.yenicag.az