“Facebookda mentaliteti “qoruyanlar”ın çoxu elə küçədə…
…”camaatın anasına, bacısına” ən çox söz atanlardır”
Müasir dövrdə sosial şəbəkələr işimizə çox yarayır. Artıq demək olar ki, insanlar bir-biriləri ilə yalnız bu şəbəkələr vasitəsilə əlaqə yaradırlar. Çoxları ünsiyyət vasitəsi kimi istifadə etdiyi halda, digərləri sosial platforma kimi faydalanır, müxtəlif məqalələrini, reklamlarını, ideyalarını məhz burada bölüşür.
Bir məqama diqqət çəkmək istərdik ki, sosial şəbəkələrdə mentalitet təəssübü çəkənlər kifayət qədər çoxalıb. Radikal fikirləri, daha çox paylaşılan sosialyönümlü xəbərlərin, şəkil və videogörüntülərin altına rəy yazan istifadəçilərin timsalında görürük. Hətta bəzən elə istifadəçilər olur ki, təhqirə yol verir, qarşındakıları monitor arxasından aşağılamaqdan belə çəkinmirlər.
Yenicag.az bununla bağlı mini sorğu keçirib. Alınan cavabları sizlərə təqdim edirik.
Əfsələddin Ağalarov, Azxeber.com saytının baş direktoru: “Təəssüflər olsun ki, mentalitet məsələsi bizim cəmiyyətə yanlış təqdim edilir. Mentalitet radikal fikirlərin topluluğu deyil. Mentalitet bir cəmiyyətdə birbaşa ailə inistitutunun sıradan çıxmamasına hesablanmış anlayışdır. Bu gün istənilən şəxs istədiyi formada hür yaşamaq özgürlüyünə malikdir. Bizim cəmiyyətdə də istədiyi kimi geyinən, istədiyi kimi həyat tərzi yaşayan insanlar var. Təbii ki, cəmiyyətimizdə ictimai qınaq var. Və bu qınaq mental dəyərləri qəbul etməyən insanlara qarşı yönəlir. Amma nəzərə almaq lazımdır ki, bizim kimi cəmiyyətlərin dəyişməsi böyük illər tələb edir. Mentalitet anlayışı tək məişət zəminində olan (geyim, həyat tərzi və.s)məsələlərə aid deyil. Mentalitet bir insanın kökünə, kimliyinə bağlayan incə tel kimidir. Və bu məsələ tam fərdi xüsusiyyətləri özündə daşıyır. Kimisi mental dəyərlərə sahib olmaya bilər və ya onu qəbul etməyə bilər. Kimisi isə mental dəyərləri öz həyat tərzində çevirə bilər”.
Ülkər Eldarqızı, jurnalist: “Sosial şəbəkələr insanların fikirlərini paylaşması üçün online platformadır. Lakin təəssüf ki, bəzən insanlar fikirlərini paylaşmaqla kiməsə təzyiq etməyi səhv salırlar. Buna mentalitet təəssübkeşliyi çəkən insanları da aid etmək olur. Məsələn bir şəkil paylaşılmışdı “Tarqovıda oğlan qızı öpən yerdə quşlar filan uçur”. Həmin vaxt sosial şəbəkə iki yerə bölündü. Bəyənənlər və mentalitetə ziddi deyənlər. Xüsusilə diqqətinizi çəkmək istəyirəm ki, facebookda mentaliteti “qoruyanlar”ın çoxu elə küçədə “camaatın anasına, bacısına” ən çox söz atanlardır. Münasibətim deyəndə, yəni gedib özlərinə daha yaxşı iş tapsınlar, özlərini inkişaf etdirsinlər. Hamısı bekar olmağın nəticəsidir”.
Əsəd Qaraqaplan, şair-yazıçı: “Bizim elə ən böyük tənqidlərimiz bu mentalitet təəssübkeşlərinə qarşıdı. Çünki onlar cəmiyyəti inkişaf eləməyə qoymur, əksinə biraz da çürük dəyərlərə uçuruma sürükləyirlər. Biz də bir növ “Çovdarlıqda uçurumdan qoruyan” kimi gerçək insanları, həqiqi düşüncə tərzi və yaşamaq istəyi olan fərdləri qorumağa çalışırıq. Və bu adamlar hələ də anlamırlar ki, ölüm yatağında olan bir qocanı geri qaytarmaq mümkün deyil. İnsan necə ölümə məhkumdursa, dəyərlər də elədi. Hər bir dəyərin hər insan kimi bir yaşama sürəci var və o da yaşayıb ömürünü başa vurub ölür. Bunu anlaya bilməmək, ətəyindən tutub saxlamaq ölüm ayağında olan bir qocanı sağaltmaq, ayağa qaldırmağa çalışmaq qədər axmaqca və gülüncdü.. Ən qəribəsi odur ki, bu mentalitetin ölümünü biz həyatımızın demək olar hər sahəsində, hətta bəzən dövlət siyasətində də görürük”.
Fərid Azəri, “Brifinq” müstəqil internet qəzetnin baş redaktoru: “Sözün doğrusu, heç zaman bu “mentalitet” deyilən anlayışı qəbul etməmişəm. Elə buna mentaliteti əlində bayraq edib hər kəsə dərs verənlərə də mənfi münasibət bəsləyirəm. Bir də belə bir deyim var, “Kimdə nə yoxdursa həmişə ondan danışar”. Hər fərdin özünəməxsus xüsusiyyətləri var və hamı robot kimi eyni xasiyyətdə ola bilməz, bir məsələ haqqında eyni fikrə malik ola bilməz, oxşar düşünə bilməz. Eyni zamanda, heç kim başqaları kimi düşünməyə və yaşamağa məhkum deyil”.
Əminə İlyaslı, tələbə: “Baxır hansı məsələdə. İnsanların sırf şəxsi həyatıyla bağlı məsələyə hörmətlə yanaşmaq lazımdır. Amma bəzən bir toplumu əhatə edən məsələdə insanlar etika qaydalarını qorumaqla öz mövqelərini göstərə bilərlər”.
Kamran