“Mən uca Tanrının kargüzarıyam” – "Şərəf" ordenli Vahid Əzizin YUBİLEYİDİR

media-hightechnic-468x90

O hər zaman misralarının ardından boylanır. İlk misrasını eşidəndə bilirsən ki, həmin sətirlər ona məxsusdur.

Acsan, doymursan o misralara… Ruhun pərvazlanır, eşitdikcə eşitmək, dinlədikcə duyğulanmaq, arınmaq, saflanmaq, ruhunu bahar çiçəkləri qədər lətif olan o zərif şeiriyyətə təslim etmək istəyirsən.

Ruhu misralarına hopan, təbii, daim dağ şəlaləsi kimi coşan, sevilən şair Vahid Əzizin, zəfər çalmış qalib ölkənin Xalq şairinin 80 illik yubileyidir.

“Ömrün gülşənində gəzən arıyam.
Çiçək anlayanam, gül tanıyanam.
Mən uca Tanrının kargüzarıyam.
Həyat – tamaşadır, gəlmişəm baxam”, – deyən şair Tanrının pıçıltılarını duaya çevirib ağ vərəq üzərinə səpələyir, işıq kimi ürəkləri nura boyayır.

Səmimiyyətin azaldığı, insanlığın qeybə çəkildiyi, sevginin qəhətə çıxdığı bir dönəmdə ruhumuzu kirlənməyə, zövqümüzü paslanmağa, qəlbimizi daşlaşmağa qoymur Vahid Əzizin misraları. Dərdləşməyə həmdəm axtaranda hər yerdən boy göstərir, səsinə səs verir, könlünə məlhəm olur o misralar.

Bəzən həyat yükünün ağırlığından yorulub dizüstə çökəndə ayağa qalxa, o misralara tutunub pərvazlana, bu dünyadan bir anlıq da olsa, qopa bilirsən. Cismində boğulan ruhunun səsini eşidib, ona hay verə bilirsən. Üst-üstə qalaqlanmış qayğılardan usananda, qəhərdən boğulanda, kədərdən soluxanda, təklikdən doluxanda onun ruha sığal çəkən misraları ilə “buradayam, varam, həyat eşqi ilə dopdoluyam” deyib gülümsəməyə, irəli addımlamağa, yaşamağa davam edə bilirsən.

“Kaş biləydim, çəmənlərdə çiçəklər,
Bir-birinə pıçıldaşsa, nə deyər?”

Vahid Əzizin şeirləri təbiətlə həmahəngdir. Bir otaqda oturub, onun şeirlərini oxuya-oxuya ruhən qanadlanıb Azərbaycanın gözəl güşələrini qarış-qarış gəzib, dolaşa bilərsən. Bir ağacın kölgəsində dincəlib, bir bulağın suyundan içib, bir dağın zirvəsindən boylanıb təbiətin çiçək qoxusunu ciyərlərinə çəkib, ruhunu bəxtiyar edə bilərsən.

“Azadlığın yolu çətin –
Duman-çəndədi, çəndədi.
Vətən oğlu, millətinin
Gözü səndədi, səndədi.

Savaş-sınaqlar çağıdı,
Qalib gələn – qoçağıdı!
Vətən – Ata ocağıdı,
Közü səndədi, səndədi”.

Onun şeirlərindən Vətən ətri gəlir. Vətən ətirli o misralar neçə-neçə igid oğulların ürəklərində Vətən sevgisi cücərtdi. Böyüdü, qol-budaq atdı, bir elə, bir mahala sığışmadı o sevgi. Biləyində güc, dilində dua, qəlbində vətən sevgisi aşıb-daşan o yurd aşiqləri ölümü gözə aldı, qanlı-qadalı bir yola çıxıb, 44 günlük Vətən savaşında düşmənin bağrını yardı. Bu şeirlərdən güc alıb ilhamlanan neçə-neçə torpaq sevdalıları “vətən sənə canım fəda” deyib, gülə-gülə şəhadətə könül verdilər. Qanları ilə tarix yazdılar.

“Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: “Alacaqsan canımı”
Ruhum getsə, canım qalsa, incimə…”

Bu gün sənətkarlar onun şeirlərinə bəstələnmiş mahnıları oxuduqca hüzura qovuşuruq, qəlbimiz rahatlıq tapır. Saya-hesaba gəlməyən o mahnılar təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından çox-çox uzaqlarda dinlənilir, sevilir, alqışlanır.

Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.

80-in kürəyini yerə vurur şair. 80 yaş şair üçün ömrün yeni, qəttəzə, hələ yazılmamış bəmbəyaz bir vərəqidir. Bu gün Vahid Əzizin ömür kitabının şeirdolu daha bir səhifəsi açılır. “Mənə yüz il ömür arzulamayın” deyən şair, Sizə uzun, sağlam ömür arzulayırıq. Ruhumuzun şairi-Azərbaycan poeziyasının parlaq günəşi, hamımızın Vahid Əzizi yazın-yaradın, təbiniz daim coşub-çağlasın, ömrünüz bərəkətli olsun.

Qeyd edək ki, Xalq şairi yubileyində ən ali mükafatla təltif olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf”ordeninə layiq görülüb.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa