“Əgər sabah İranda hakim rejim dəyişdirilsə, Amerikanın ilk niyyəti o ölkənin ərazi bütövlüyünü təmin etmək olacaq”.
Bu fikirləri İran rejiminin Azərbaycana qarşı təhdidləri artırdığı bir dönəmdə bütöv Azərbaycan ideyası ətrafında fəallığın artırılması imkanlarını dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.
Professorun sözlərinə görə, İrandakı proseslər kənar qüvvələrin təsiri olmadan yönləndirilməli və yekunlaşdırılmalıdır:
“Demək artıqdır ki, bütöv Azərbaycan hamımızın arzusudur və bu ideya reallaşmayana qədər öz aktuallığını qoruyub saxlayacaq. Amma tarixi proseslər də göstərir ki, bu məsələdə qətiyyən tələskənliyə yol vermək olmaz. Bildiyiniz kimi, İranda baş verən bütün ciddi proseslərdə – Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları, o cümlədən İslam inqilabı zamanı hadisələrin mərkəzi məhz Cənubi Azərbaycan olub.
Lakin bütün bu proseslərin yekununda həm də böyük dövlətlərin birbaşa iştirakı ilə Güney Azərbaycandakı hərəkatlar qan içində boğulub, amansız repressiyalar həyata keçirilib.
O baxımdan, hazırda İranın daxilində cərəyan edən prosesləri diqqətlə izləmək lazımdır. Ən əsası, çalışmaq lazımdır ki, oradakı proseslər öz məntiqi yekununa kənar müdaxilə olmadan, əhalinin mübarizəsi sayəsində yetişsin.
Çünki bu prosesə hər hansı kənar müdaxilə olarsa, bunun ciddi fəsadlarının yaranacağı şübhə doğurmur. Ona görə də Güney Azərbaycan ideyasının daşıyıcıları bu məsələdə son dərəcə ayıq-sayıq olmalı, qarşıdakı məqsədə çatmaq üçün ardıcıllıqla çalışmalıdırlar.
Aydın məsələdir ki, İranda indi baş verən hadisələrdə ABŞ-nin, eləcə də başqa dövlətlərin öz maraqları var. Əgər sabah İranda hakim rejim dəyişdirilsə, Amerikanın ilk niyyəti o ölkənin ərazi bütövlüyünü təmin etmək olacaq.
Yəni ABŞ 1946-cı ildə Azərbaycan Milli Hökumətinin qan içində boğulmasına dəstək verdiyi kimi, bu dəfə də eyni addımı atacaq. Bu səbəbdən, maksimum çalışmaq lazımdır ki, İrandakı proseslər kənar qüvvələrin təsiri olmadan yönləndirilsin və yekunlaşdırılsın”.
A.Zeynalov
www.yenicag.az