Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onların 54,4 faizi qadın olmaqla 3 321 nəfər təhsil alıb ki, bu da ötən ilin göstəricisindən 4,2 faiz çoxdur.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, təhsil alanların 77,1 faizi fəlsəfə, 22,9 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar. Təhsil alanların 35 faizi elmi müəssisə və təşkilatlarda, 65 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 32,6 və 67,4 faiz, elmlər doktoru proqramı üzrə isə 42,9 və 57,1 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,5 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 32,9 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2559 nəfərin 555-i iqtisad, 310-u filologiya, 302-i texnika, 184-ü tibb, 163-ü aqrar, 113-ü biologiya, 112-si siyasi, 96-sı hüquq, 93-ü tarix, 91-i yer elmləri, 85-i riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 170 nəfər filologiya, 103 nəfər aqrar, 75 nəfər iqtisad, 59 nəfər texnika, 50 nəfər tarix, 38 nəfər biologiya, 37 nəfər kimya, 34 nəfər tibb, 32 nəfər sənətşünaslıq, 29 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 24 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər fizika, 42 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2020-ci illə müqayisədə 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 38,8 faiz artaraq 494 nəfər, elmlər doktoru proqramı üzrə isə ötən ilin səviyyəsində qalaraq 84 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,1 faiz artaraq 612 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 3,9 faiz artaraq 160 nəfər təşkil etmişdir.
Bununla yanaşı, 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə 402 dissertant təhkim olunub ki, onların da 65,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 135 nəfəri qadın olmaqla 263 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, yer elmləri, biologiya, iqtisad, fizika, filologiya, texnika, aqrar və riyaziyyat sahələri üzrə təhkim olunub.
www.yenicag.az