Taksi sürücülərinə "ərazi məhdudiyyəti" – Bakıdan Sumqayıta sərnişini kim aparacaq?
“Müştərinin hansı ərazidə olacağına və yaxud olmayacağına heç kim zəmanət verə bilməz”.
Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O, taksi fəaliyyəti üçün buraxılış kartında müəyyən olunan ərazidən çıxmamaqla bağlı tətbiq edilən məhdudiyyətin mümkün nəticələrindən danışıb.
Ekspert bildirib ki, buraxılış kartları ilə bağlı son vaxtlar verilən qərarlar içərisində cəmiyyətdə birmənalı qarşılanmayan məhdudiyyətlər siyahısında bu qərar ilk sıralardadır:
“Çünki bu gün müştərinin hansı ərazidə olacağına və yaxud olmayacağına heç kim zəmanət verə bilməz. Bu qərar zamanı əhalinin hərəkətliliyi nəzərə alınmayıb. Vətəndaşlarımız müxtəlif ərazilərə və şəhərlərə sifariş verə bilər. Misal üçün, Bakıdan Sumqayıta, yaxud digər ərazilərə sərnişindaşıma necə tənzimlənəcək?
Müxtəlifliyi qorumaq üçün fərqli ərazilərə hərəkət təmin olunmalıdır. Əks halda, ciddi narazılıqlar baş verəcək”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












