Reklam

Reklam

Çexiyanın paytaxtı Praqada marşal İvan Konevin heykəli var. Konev İkinci Dünya Müharibəsində Praqanın alman faşistlərindən azad olunması əməliyyatına rəhbərlik edib. Ancaq həmin Konevin başqa “xidmətləri” də var.

Konev birincisi, 1956-cı ildə Macarıstanda xalq inqilabını qanla yatırıb, ikincisi “soyuq müharibənin” simvolu sayılan Berlin divarının tikintisinə rəhbərlik edib və üçüncüsü 1968-ci ildə Çexoslavakiyanın sovet qoşunları tərəfindən bu dəfə işğalında vacib rol oynayıb. Buna görə də Praqa meriyası qərar verib ki, Konevin heykəlinin üzərindəki “Praqanı alman faşistlərindən azad edib” sözlərinə onun sonrakı “proseslərdəki” rolu da əlavə edilsin. Yəni Praqa meriyası Konevi olduğu kimi paytaxt sakinlərinə və turistlərə təqdim etmək istəyir.

Bundan sonra Rusiyanın Çexiyadakı səfirliyi haray-həşir salaraq Praqa meriyasına kəskin etiraz məktubu göndərib. Rusiya səfirinin imzasıyla yayınlanan məktubda deyilir ki, bəs Konev qəhrəmandır, onun adını ləkələmək düzgün deyil, sovet qoşunları Praqanı azad edib və s. Praqa meriyası bunu inkar etmir. Axı Konevin başqa “xidmətləri” də var, onu da Praqa meriyası vurğulamaq istəyir. Rusiya səfirinin məktubunda Konevin ancaq İkinci Dünya Müharibəsindəki rolundan danışılır, onun fəaliyyətinin qaranlıq səhifələrinə isə toxunmurlar və üstündən sükutla keçməyə üstünlük verirlər.

Ən maraqlısı bundan sonra başlayır. Deməli, Rusiya səfirinin kəskin ifadələrlə dolu məktubuna 4 səfir – Belarusun, Qazaxıstanın, Ermənistanın və… Azərbaycanın səfiri Fərid Şərifov da imza atıb. Birinci üçünü anladıq, Rusiyanın müttəfiqidirlər, həm Avrasiya İttifaqında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıblar. Bəs biz niyə Rusiyanın üç müttəfiqi və torpaqlarımızı işğal edən qəsbkar dövlətlə bir sırada dayanmalıyıq? Azərbaycanın səfirini Ermənistan səfiri ilə eyni dəyərləri bölüşməyə nə vadar edib? Praqa Meriyasının rus marşal Konevlə bağlı qərarından Azərbaycana nə var? Bunun Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Axı elə həmin marşalın ardıcılları Bakıda 20 yanvar qətliamını törədiblər. Həmin marşal 1968-ci ildə çexlərin müstəqillik istəklərini qanına qəltan edib, onun ardıcılı olan digər marşal Dmitri Yazov və digər rus generallar isə 1990-cı ildə Bakını qan gölünə çeviriblər. Azərbaycanın Çexiyadakı səfirinin məntiqindən çıxış etsək, gərək əli millətimizin qanına batan Yazovun da “əməllərinə” şübhə etməyək, onu qəhrəman sayaq? Axı Yazov da Konev kimi İkinci Dünya Müharibəsinin iştirakçısı olub.

Elxan Şahinoğlu, politoloq

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1086
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."