!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Şəfiyev: “Tədqiqatların aparılmasına xarici mütəxəssisləri də cəlb edəcəyik” – VİDEO

!Reklam – Yazi

“Təəssüf ki, Azərbaycanda alimlərin yazdıqları kitabların çoxu Qərb standartlarına cavab vermir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin bu il fevralın 6-da imzaladığı 515 saylı Fərman əsasında yaradılmış Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün keçirdiyi ilk mətbuat konfransında səsləndirib.

Fərid Şəfiyev sözünün əvvəlində BMTM-nin yaradıldığı gündən bu vaxta qədər gördüyü işlər, fəaliyyət istiqaməti və gələcək planları barədə məlumat verib:

“Maliyyə məsələləri ilə əlaqədar olaraq, mərkəzin veb-saytı hələ hazır deyil. Bununla belə, təqribən iki ay ərzində sayt artıq istifadəyə veriləcək. Fəaliyyətimizin bir neçə mühüm istiqaməti olacaq. Əsas işlərimiz sırasında müvafiq arayışları hazırlayıb dövlət qurumlarına təqdim etmək və tədqiqat üçün alınacaq sifarişləri yerinə yetirmək xüsusi yer tutacaq. Bundan başqa, beynəlxalq miqyasda geniş əlaqələr qurmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq istiqamətində ciddi fəaliyyət planımız var”.

Mərkəzin xarici mütəxəssislərlə sıx əməkdaşlıq etmək niyyətinin olduğunu deyən BMTM sədri əcnəbi ekspertlərə görəcəkləri işlər üçün təqaüd veriləcəyini diqqətə çatdırıb:

“Xarici mütəxəssislərin gəlib Azərbaycanda tədqiqat aparmaları üçün onlara təqaüd veriləcək. Dağlıq Qarabağ probleminin yenidən vüsət almasından otuz bir il keçsə də, beynəlxalq ictimaiyyətin bu məsələ barəsində məlumatlandırılması yönündə hələ çox işlər görülməlidir. Təəəsüf ki, Azərbaycanda alimlərin yazdıqları kitabların çoxu Qərb standartlarına cavab vermir. Biz istəyirik ki, mərkəzdə Azərbaycan alimləri üçün treninqlər, dəyirmi masalar təşkil edək.

Həmçinin Mərkəzdə ermənişünaslıq bölməsi açacaq, erməni dilini bilən mütəxəssisləri əməkdaşlığa cəlb edəcəyik. Bizim hazırda Nazirlər Kabinetində təsdiq olunmuş ştat cədvəli üzrə on əməkdaşımız var. Təsirli fəaliyyət göstərmək üçün Rusiya, İran, Çin və Qərb ölkələri ilə işləmək lazımdır. Ancaq bu işləri on nəfər əməkdaşla həyata keçirmək təbii ki, çətindir.

Ümid edirik, növbəti il Mərkəzin əməkdaşların sayı artırılacaq”.

Daha sonra BMTM-nin loqosu ictimayyətə təqdim olunub. Mərkəz loqoda qeyd olunan “AIR Center” adı ilə dünyada tanınmağı hədəfləyir.

Fərid Şəfiyev mətbuat konfransının yekununda jurnalistlərin suallarını cavablandırıb.

Səxavət Məmməd
Firuz Asanov

www.yenicag.az

2029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv