Reklam: High Technic
hightechnic

FETÖ-nun daha bir alçaq planı: Ərdoğan sağ qalarsa...

15 iyul çevriliş gecəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirəcək qrup hazırlayan FETÖ-çuların xüsusi hərbi-səhra məhkəmələri qurduqları üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terror şəbəkəsi FETÖ Ərdoğanı hərbi-səhra məhkəməsində mühakimə edəcəyi planlaşdırırmış.

Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ-nun hərbi məhkəmələrdə strukturlaşması ilə bağlı 31 şübhəli şəxs haqqında hazırladığı ittihamnamənin bəzi hissələri açıqlanıb və FETÖ-nun 15 iyul çevrilişinin hər addımını planlaşdırdığı sübut olunub.

İttihamnaməyə əsasən, çevrilişçilərin “Yurdda Sülh Şurası” qurumu adından yayılan direktiv əsasında hərbi-səhra məhkəmələri yaradılıb və onlara təyinatlar həyata keçirilib. Həmin təyinatların əsas məqsədi isə hərbi məhkəmələri nəzarətə götürmək, istintaq prosesinə müdaxilə imkanı qazanmaq, hərbi-səhra məhkəmələrinin rəhbərlərinə ədliyyə-hüquq müşaviri dəstəyi vermək olub. Ona görə də FETÖ-ya qarşı çıxa biləcək məhkəmə mənsubları işdən uzaqlaşdırıldığı halda, şəbəkəyə xidmət edəcək işçilər öz vəzifələrində saxlanılıb.

Bu şəkildə 316 nəfərin hərbi-səhra məhkəməsinə təyinat aldığı müəyyənləşib. Ankara 1 saylı hərbi-səhra məhkəməsinə hərbi hakim təyin olunan Serdar Çamiçinin Baş Qərargahın Hərbi Məhkəməsindəki otağından çıxan mühüm sənədlər də ittihamnaməyə daxil edilib. Yeni təyinat alanlar arasında olan Çamiçini prezident Ərdoğanın sağ qalacağı təqdirdə necə mühakimə olunacağı ilə bağlı araşdırma apardığı müəyyənləşib.

İttihamnamədə hərbi hakim işlədiyi 2009-cu ildə imtahan suallarını əvvəldən ələ keçirtdiyi bildirilən Çamiçinin otağından “Cinayət istintaqının gedişində dövlət sirri”, “İttiham mərhələsində dövlət sirri”, “Toxunulmazlığın sona çatması”, “Vətənə xəyanət cinayəti”, “Qanunvericilik çərçivəsində prezidentin cinayət məsuliyyəti”, “Prezidentlərin vəzifə və səlahiyyətləri” və digər məsələlərə dair çox sayda sənəd tapılıb.

Adının hərbi-səhra məhkəmələrinə təyinat siyahısında göstərilməsindən danışan Çamiçi belə deyib:

“Adımın nədən həmin siyahıda olduğunu başa düşmürəm. Yəqin ki, kiçik rütbəli olduğum üçün mənə təsir edə biləcəklərini düşünüblər”.

Yeniçağ.Az

www.yenicag.az

89