“Əslində, Fransadakı hökumət istefası rəsmiləşməmişdən qabaq bir ay öncə də müzakirə edilmişdi. Fransa hökumətinə qarşı etimadsızlıq məsələsi tarixdə ən uğursuz siyasi liderlərdən biri kimi yadda qalan prezident Makronun fəaliyyətini bir daha gündəmə gətirdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.
Siyasi təhlilçi Fransa hökumətinin istefa getməsinin səbəblərini analiz edib.
Ə. Zülfüqaroğluya görə, Makronun hakimiyyəti dövründə Fransanın yürütdüyü xarici siyasət ölkəyə ciddi ziyan vurmuş və bu siyasət “bumeranq effekti” yaratmışdır:
“Xüsusilə Fransanın Afrikadakı nüfuzu ciddi şəkildə zərbə aldı. Fransızdilli Afrika ölkələrində Fransaya qarşı etirazlar artdı və bəzi Afrika ölkələrindən Fransa tamamilə çıxarıldı. Eyni zamanda, Fransanın Türkiyə ilə münasibətlərində ciddi gərginliklər yaşandı. Cənubi Qafqazla bağlı yürütdüyü siyasət isə bölgədə Fransanın mövqeyinin zəifləməsinə səbəb oldu. Bu proseslər Makronun yanlış və qərəzli siyasətinin nəticəsi olaraq Fransa daxilində sosial-iqtisadi problemləri də daha da dərinləşdirdi. Onun prezidentlik dönəmində reytinqi kifayət qədər aşağı idi”.
“Buna baxmayaraq, radikal sağçı liderin seçkilərdə bilərəkdən ön plana çıxarılması və cəmiyyətə alternativ kimi təqdim olunması nəticəsində seçicilər Makronu daha az pis bir variant kimi qəbul edərək yenidən hakimiyyətdə saxladılar. Makronun dönəmində ABŞ ilə Fransa arasında, xüsusilə Trampın prezidentlik dövründə ciddi problemlər yaşanmışdı. Gözlənilir ki, Tramp növbəti dəfə hakimiyyətə gəldikdən sonra Fransa hökuməti ilə bu problemlər yenidən gündəmə gələcək. Eyni zamanda, ABŞ-də hakimiyyət dəyişikliyi prosesi davam etdikcə, Fransanın yeni ABŞ hökuməti ilə də münasibətlərində çətinliklərin yaranması ehtimalı böyükdür”.
Rafi Müslümov
www.yenicag.az