Fransa bu dəfə Ukraynaya BURUN SOXUR – Makronun zəmanətində NƏLƏR VAR?
“Məhz buna görə Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərini formalaşdırmaq istiqamətində, xüsusilə Emmanuel Makron fəallıq göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, Fransa Prezidenti Emmanuel Makronun sülhdən sonra Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün sənədin hazır olması barədə bəyanatını şərh edib.
Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada xüsusi konsolidasiyanın getdiyi müşahidə olunur:
“Avropa dövlətləri təhlükəsizliklərini təmin etmək məqsədilə güclərini birləşdirməyə çalışırlar. Bu xüsusda, xüsusilə Fransa, Böyük Britaniya və Almaniya ön plana çıxır. Makronun təşəbbüsü ilə bir neçə dəfə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ukrayna dövlətinə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi müzakirəyə çıxarılıb. Həmin mövzuda görüşlərə isə Fransa ev sahibliyi edib. Burada Fransa prezidentinin təşəbbüsləri diqqət çəkir”.
Müsahibimizin fikrincə, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyindəm sonra Avropa liderləri təlaş içindədirlər:
“Düşünürlər ki, Avropa olmadan sülh əldə edilə bilər. Qısacası, Avropa siyasi oyundan kənarda qalma təhlükəsi ilə üz-üzədir. Məhz buna görə Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərini formalaşdırmaq istiqamətində xüsusilə Makron fəallıq göstərir”.
O, söyləyib ki, proses praqmatik məsələ kimi görünür:
“Çünki Avropanın vahid mövqedən çıxış etməsi böyük əhəmiyyət daşıyır. Digər dövlətlərin də Fransanın mövqeyini dəstəkləməsi vacibdir. Eyni zamanda Trampın da məsələyə münasibəti az önəm kəsb etmir. Çünki əvvəlki ABŞ administrasiyası ilə Avropa liderləri arasında vahid mövqe var idi, bu gün isə vəziyyət fərqlidir. İndiki halda ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti adı altında hərbi qüvvələr göndərməsi gözlənilmir. Çünki bu halda Rusiya ilə münasibətlərin korlanması və neytral mövqedən uzaqlaşmaq riski yarana bilər”.
Nəsimi Ələsgərli