"Fransa prezidenti ilə müzakirə ediləcək mövzu yoxdur!": Milli Məclisdən Makronun İrəvan bəyanatına REAKSİYA
“Azərbaycanda cəzalandırılan erməni terrorçuları barədə Makronla bizim danışacaq heç bir mövzumuz yoxdur.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Ermənistanda səfərdə olan Fransa lideri Emmanuel Makronun erməni jurnalistin Azərbaycanda saxlanılan terrorçuların azad edilməsi haqqında verdiyi sualın cavabını şərh edib:
“Erməni jurnalistin təxribatçı sualına Emmanuel Makron bir qədər təmkinli cavab verib nəticə etibarilə. Makron əks təqdirdə necə sərt reaksiya ilə üzləşəcəyini bilir. Ona görə də, düşünürəm ki, belə bir sualın Makrona verilməsi özü sülhə qarşı olan Ermənistandakı radikal düşüncədə yaşayan insanların mövqeyidir. Makron da cavabında balanslı cavab verməyə cəhd göstərir, sülhün önəmindən danışır amma eyni zamanda bu məsələnin Ermənistan baş naziri və Azərbaycan Respublikasının prezidenti ilə müzakirə edəcəyini deyir. Bu yaxşı hal deyil. Bizim o mövzuda Fransa prezidentinə danışacaq heç bir məsələmiz yoxdur. Ermənistan jurnalistinin səsləndirdiyi “erməni əsirləri” ifadəsini işlətməkdənsə yayınmağı daha çox Makronun müsbət tərəfidir. Əgər bu formada təqdim etsəydi bu yenidən hadisələrin sülhə yox, qarşıdurmaya doğru inkişafını şərtləndirərdi. Düşünürəm ki, nə qədər ki, Ermənistan ictimai mühitində radikal düşüncələr var, belə radikal suallar və mövqelər də olacaq.”
Qeyd edək ki, erməni jurnalistin Makrona “Erməni icması sizdən və beynəlxalq ictimaiyyətdən Bakıda saxlanılan “erməni əsirlərin”(terrorçular) azad edilməsi üçün addımlar atmağınızı tələb edir. Bu insanlara, erməni icmasına cavabınız nədir? sualı verib. Makron isə cavabında bildirib:
“Danışıqlar gedir və inanıram ki, sabah Baş nazirlə müvafiq görüşlərim olacaq və bunu onunla müzakirə edəcəyəm. Bu səfərdən dərhal sonra Prezident Əliyevlə yenidən müzakirə aparacağam.
Bilirsiniz, biz həmişə öz rolumuzu oynamağa, vasitəçilik etməyə və kömək etməyə çalışırıq. Beynəlxalq hüquqa hörmətlə yanaşıram və son bir neçə ay ərzində gərginliyin azalmasına və yeni bir mərhələnin başlamasına çox şadam. Və inanıram ki, sülh və sabitliyin bu yeni mərhələsinə müşayiət etmək çox vacibdir. Buna görə də bizim vəzifəmiz vəziyyəti yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməkdir”.
Nurlan Cəfəri













