"Gallup"un sorğusu ABSURDDUR: "Paşinyan koalisiyaya ehtiyac duymayacaq"
“Paşinyan qalib gəlib təkbaşına hökumət quracaq…”
Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.
Politoloq “Gallup”un Ermənistanda keçiriləcək seçkilərlə bağlı yaydığı sorğuya etiraz edib. Xatırladaq ki, həmin sorğuda Nikol Paşinyanın mütləq qələbə qazanmayacağı və koalisiyalı hökumət qurmaq məcburiyyətində qalacağı iddia olunur:
“’Gallup” sorğuları heç vaxt tam obyektiv və doğru olmur; müəyyən qrupların maraqlarına xidmət edir. Ona görə də, seçki öncəsi bu tipli rəylərə istinad etmək doğru deyil. Hazırda Karapetyan, Köçəryan, erməni katolikosu və eyni zamanda Rusiya Paşinyanın məğlub olması yönündə hərəkət edir. Lakin digər tərəfdən Paşinyanın mövqeləri kifayət qədər güclüdür.
Onun vədləri və atdığı addımlar faktiki olaraq rəqiblərini üstələyir. Paşinyan daha təhlükəsiz, qonşularla mehriban Ermənistan vəd edir ki, Azərbaycanla aparılan danışıqlar və Türkiyə ilə normallaşma prosesi bunu deməyə əsas verir. Bundan başqa, o, son dönəmlərdə iqtisadiyyatda canlanmaya gətirib çıxaran addımlar atıb. Doğrudur, rəqibləri güclüdür, amma bu, Paşinyanın hakimiyyətdən getməsinə səbəb ola bilərmi? Xeyr! Hesab edirəm ki, Paşinyan seçkilərdə qalib gələcək və koalisiyaya da ehtiyac olmayacaq. Koalisiya məsələsi absurddur; Paşinyan o qədər zəifləməyib ki, kiməsə möhtac qalsın. O, təkbaşına hökumət quracaq. Bu sorğunun indiki məqamda erkən və qeyri-effektiv olduğunu düşünürəm”.
Nurlan Cəfəri













