Gələn həftə Milli Məclisin növbəti iclası keçiriləcək

Gələn həftə – noyabrın 5-də Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfi müzakirəyə çıxarılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili məlumat verib.

O deyib ki, “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları bir neçə komitənin birgə iclasında müzakirə ediləcək, müzakirələr mərhələli şəkildə aparılacaq.

Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihənin parlamentin plenar iclasına tövsiyə olunacağı gözlənilir. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclaslarının keçirilməsi və büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənləşib.

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 milyon 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

“Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000 manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub./Report/

COP29