Gənclər Mərkəzi İctimai Birliyi Şəmkirdə tədbir keçirdi
Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ””Sənaye ili”ndə gənclərin ətraf mühitin qorunması təşəbbüsləri” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 24-26 dekabr tarixlərində Şəmkir şəhərində həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər Mərkəzi İ.B-nin sədr müavini Kənan Qubadzadə layihənin əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi haqqında geniş məlumat verib. Sənaye müəssisələri və onların ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması, minimuma endirilməsi və görülən işlərin genişmiqyaslı olmasının zəruriliyindən danışıb. Gənclərin bu istiqamətdə daha da maarifləndirilməsi, təlimatlandırılması, könüllü fəaliyyətə cəlb olunması üçün təkliflərlə çıxış edib. Bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından bəhs edib.
Sənaye tullantılarının azaldılması, tullantısız texnologiyaya keçid, sənaye müəssisələrinin monitorinqi və ictimai nəzarətin gücləndirilməsi, eləcə də digər məsələlərlə bağlı gənclərin daha dolğun məlumatlarla təchiz edilməsi üçün iştirakçılara maarifləndirici buklet, broşur, kitab paylanılıb.
Dəvət olunan mütəxəsislər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Bəhram İsgəndərov və QHT sədri Samir Mehdiyevlə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.