!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“General Polad Həşimov xatirələrdə” kitabı nəşr edildi – FOTO

!Reklam – Yazi

İyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun general-mayoru Polad Həşimov haqqında kitab nəşr edilib.

Yenicag.az xbər verir ki, “Polad Həşimov xatirələrdə” adlanan kitab layihər rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tərəfindən şəhid generalın anasına təqdim edilib.

Şəmil Sadiq bu barədə “Facebook” hesabından yazıb:

“Vəd etdiyim kimi, General Polad Həşimov xatirələrdə kitabı nəşr olundu və ilk olaraq Anası Səmayə xanımın əllərinə təqdim edildi…

HƏYAT QƏDƏR DƏYƏRLİ ÖLÜM

Filosof şair Hüseyn Cavidin “Həyat var ki, ölüm qədər kədərli, Ölüm var ki, həyatdan da dəyərli” misraları sanki beynimə həkk olunub. Dəfələrlə oxuduğuma, səsləndirdiyimə baxmayaraq, məndən içəridə olan mən bu fəlsəfi mənalara pafosdan kənar və gerçəklik kimi baxmırdım. Düşünürdüm ki, axı bu necə ola bilər: sadəcə nəzəriyyədir, ya da ilk səslənişdə xoşa gələn aforizm. Lakin bu günlərdə yaşadığımız böyük bir acı mənə bunu təcrübədə göstərdi. Bir insan dünyasını dəyişir və bir millətin ruhu oyanır, dirçəlir, varlığını sübut edən gücə qovuşur. Bu cür ölüm çox həyatdan dəyərli və işıqlıdır. Bəli, ağır fikirdir, kiminsə ölümünə “dəyərli” demək. Amma bir insan milləti, dövləti üçün şəhid olursa və bu ölümün nələrə qadir olduğunu gözlərinlə görürsənsə, o zaman yüksək ideallarla yaşayan Hüseyn Cavidin nə demək istədiyinin fərqinə varırsan. Məgər bu ölüm satqınların, xainlərin həyatından çox-çox dəyərli, çox-çox ucada deyilmi!? Şəhid General Polad Həşimov 45 illik həyatı boyu yaşamında nə qədər səssiz, sakit və faydalı olmuşdusa, xainləri qorxudan bu ölüm daha uca oldu.

General Polad Həşimov… Artıq bu ad bizim üçün əfsanədir, dillər əzbəridir. Son 30 ildə Azərbaycan milli ruhunu özünə qaytaran bir zirvədir. Birinci Qarabağ Müharibəsindəki miskin məğlubiyyətimiz bizə çox pis təsir edib. Biz nə qədər gurlasaq da, özümüzdən danışsaq da, yadımıza Xocalıda, Qaradağda vətəndaşlarımızın başına gətirilənlər düşəndə əzilmişlik psixologiyası qara çiskin kimi üstümüzə çökür və susuruq. Lakin bu 30 ildə Generalın şəhid olması üçüncü hadisə oldu ki, bizə bizi anlatdı, kim olduğumuzu sübut etdi. Biri Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, biri Aprel döyüşləri, biri də iyul ayında Generalmızın şəhid olması. Mübariz İbrahimov düşmənin içərilərinə girərək partizanlıq etdi, təkbaşına qisas aldı, Aprel döyüşlərindəsə ordumuz ərazilərimizi geri qaytardı. Lakin İyul hadisələri – əsgərlərimizin, mayorumuzun, polkovnikimizin, Generalımızın şəhid olması bizə başqa mətləbləri andırdı. Bir millət olaraq özümüzə inamımız artdı, əmin olduq ki, ən yüksək çinli məmur belə, Vətən üçün yaşayır, döyüşür, canını fəda edə bilir. Generalın ön cəbhədə əsgərləri ilə döyüşüb şəhid olması, bu millətin içindəki səsi ucaltdı. O səs ki qısa zamanda dünyaya yayıldı, 50 milyonluq Azərbaycan xalqını dövlətinin ətrafında birləşdirdi.

14 iyul 2020-ci il… Sanki 1990-cı il idi… Əsrlərdir azadlığımızı zəbt edən ruslara, Sovet İmperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi, “Ali baş komandan, əmr et, Qarabağa gedək!” şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!

Bundan sonra bizim də borcumuz cənab Generalı xatirələrdə yaşatmaq, gələcək nəsillərə öyrətməkdir. Çünki Generalımız Polad Həşimov şəhid olan kimi, onun haqqında o qədər statuslar yazıldı, o qədər xatirələr danışıldı ki, biz sadəcə bir hərbçi, bir general itirdiyimizin yox, bir qayğıkeş ata, bir mərhəmətli müəllim, bir şəxsiyyət, bir İNSAN itirdiyimizi anladıq.

Bir-neçə ildir ki, tanınmış şəxslər, ictimai-siyasi xadimlərin həyatı ilə bağlı “Xatirə ədəbiyyatı” adı altında silsilə kitablar nəşr edirik. İyul hadisələrini özündə cəmləşdirən, şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi ilə bu kitabı nəşr edib oxuculara hədiyyə etmək istədik. Ürəyimdən keçən arzumu yazandan sonra, onlarla insan bu işdə yardım etməyə, dəstək verməyə hazır olduqlarını bildirdilər. Bu, sadəcə könül işi idi, hər kəs könüllü, ürəklə yardım etmək niyyətini bildirdi. Fikrimizi məktub vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də bildirdik və lazımi dəstəyi aldıq.

Generalımızın ailəsi, dostları, silahdaşları, əsgərlərinin xatirələri, düşüncələri yer olan bu kitab, ümid edirəm ki, gənclərə töhfəmiz olar. Bəzilərinin hazır xatirlərini, bəzilərini isə müsahibə formatında hazırladıq. Mənim üçün ən çətin görüş – Generalın 11-ci sinifdə oxuyan qızı ilə söhbətimiz oldu. Çünki uşaqla necə və nədən söhbət edəcəyimizi planlaşdıra bilmirdim. Amma ayaqüstü söhbətimizdə sanki bu gənc mənə dərs verdi. “Niyə belə həyəcanlısan, niyə narahatsan!” deyirdi hər cümləsində, o qədər mətin, o qədər güclü, o qədər sərbəst, o qədər müdrik duruşu vardı ki… Söhbətimizin hər anında ürəyimdə “Atasının balasıdır” deyirdim.

Və budur, artıq dediyimiz kimi, kitab hazırdır və sizin əlinizdədir. Oxuduqca qürur göz yaşlarınız sizi böyüdəcək, böyüdükcə özünüzü, kimliyinizi tanıyacaqsınız.

Kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə minnətdarlığımı bildirir, gücümüzə güc qatdıqları üçün hamısını bağrıma basıram!”

www.yenicag.az

5561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv