Gülənin şirkətlərinin “ikili mühasibat” fırıldağı aşkarlandı – 2,5 milyard dollar
Fətullah Gülənin “Bank Asya”sının dövlət nəzarətində keçməsindən sonra Şəbəkənin maliyyə fırıldaqları bir-bir açılmağa başlayıb. Belə ki, Gülən Şəbəkəsinin bütün işlərdə iki qeydiyyat apardığı ortaya çıxıb. Yenicag.az türk mediasına istinadən bildirir ki, istintaq Gülənin bir çox şirkətində ikili qeydiyyatın olduğunu müəyyənləşdirib: “Şirkətlərin çoxunda çox xüsusi şifrələrlə girilən ikili qeydiyyat proqramından istifadə edilir. Şəbəkə ən yüksək texnoloji sistemlərdən istifadə edərək, çox gizli çalışır. Bir yanda görünür qeydlər, digər yanda isə ancaq müəyyən şəxslərin baxa bildiyi əsl qeydlər var. Xüsusi bir şəbəkə üzərindən məlumat ötürülür”.
“Bank Asya”da aparılan araşdırmalar zaman ABŞ-dakı şirkətlərə də 2,5 milyard dollarlıq transfer edildiyi də ortaya çıxıb. Belə ki, bankdan Amerikadakı bəzi şirkətlərə çox sıx pul transferi görülür. Bu miqdar təxminən 2,5 milyard dollar civarındadır. Pul transferi edilən şirkətlərin gerçək sahibləri ortaya çıxarıldığı zaman bir çox şey də aydınlığa qovuşacaq. Amma ilkin rəy ondan ibarətdir ki, bu şirkətlərin sahibləri, eyni şəbəkənin adamlarıdır.
O da bildirilir ki, bank qeydləri araşdırıldıqca, yeni məlumatların ortaya çıxacağına inanılır: “Əlbəttə bəzi tədbirlər alınmışdır. Bəzi qeydlər silinmiş ola bilər. Amma müəyyən dövrlərdə çox rahat hərəkət etdikləri üçün mütləq səhvləri olub. Üstəlik bankda çalışanlar arasında yaşananlardan narahat olan çox sayda personal də var və onlar da özlərini qurtarmaq üçün istintaqa yardım edəcəklər”.
Qeyd edək ki, “Bank Asya”nın ortaqları arasında Azərbaycandakı Gülən məktəblərinin başçısı və təhsil imamı Ənvər Özərənin də adı var. Yəqin ki, araşdırmalar davam edəcəyi təqdirdə, “Bank Asya”ya pul yatıran digər Azərbaycanla əlaqəli şəxslərin də adları açıqlanacaq. Çünki Ənvər Özərən tək deyil və Gülən “maşınlarınızı, evlərinizi satıb, bankı qurtarın” təlimatını verdikdən sonra bir çox şəxs öz adı ilə “Bank Asya”ya pul yatıraraq, sədaqətini sərgiləmək istəyib. Çünki Gülənin hesablamasına görə, Ərdoğan bələdiyyə seçkilərinə qədər qala bilməyəcəkdi. Evdəki hesab bazardakı hesaba uyğun gəlmədiyindən Gülənin bir çox gizli simpatizanı da deşifrə ilə üz-üzədir…
Bir məsələni də vurğulamaq lazımdır ki, gülənçilərin Azərbaycanda da ən çox can atdıqları qurumlardan biri vergilər sistemidir. Artıq sirr deyil ki, vergilər sistemində çalışan gənc nəslin arasında ciddi bir gülənist qrup var. Gülənin Vergilər Nazirliyindəki “imamı” isə qurumun Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq Isfəndiyar oğlu Xəlilovdur. Məhz onun vasitəsiylə Gülən şirkətləri Azərbaycanda da rahat hərəkət edirlər. Bu səbəbdən də “ikili mühasibə” sistemi heç bir şəkildə yaxalanmır.
Yenicag.az