Gülünc MÜQAYİSƏ: “Bu yeni hakimiyyətin bəyənatı praktikaya daşımaq cəhddidir”

“Ermənistanın rəqib kimi təqdim edilməsi belə yalnışdır”.

Bu fikri son 15 ilin hərbi toplanış təşkil etməsini və Azərbaycan ordusunun hərbi təlimlər keçirməsini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan ordusunun apardığı təlimlər təsdiq olunmuş plan üzrə aparılır:

“Azərbaycanda hərbi təlimlər heç vaxt nəyinsə xətrinə olunmayıb. Baş Qərargahın tərtib etdiyi, müdafiə nazirinin imzaladığı, Ali Baş Komandanın təsdiq etdiyi plan üzrə Azərbaycan ordusu hərbi təlimləri həyata keçirir.

Müşahidəçilər arasında Ermənistanın hərbi təlimləri gülünc doğurur. Belə ki, bundan əvvəl təyin olunmuş hərbi təlimlərə cəlb olunan kontingentin, demək olar, yarıdan çoxu qatılmadı. Əsasən də, ehtiyatda olan zabitlər qaçıb gizlənmişdi. Təbii ki, bu təlimi keçirmək qeyri-mümkün oldu. O hərbi təlim təxirə salındı. Artıq inzibati orqanların köməkliyi ilə həmin şəxslərin məsuliyyətə cəlb olunmaq qorxusu altında bu təlimlərin keçiriləcəyi gözlənilir. Bu faktın özü göstərir ki, kim hansı səviyyədə və nəyə hazırlaşır. Bu sadəcə yeni gələn hakimiyyətin özünü göstərməsi, Moskvada görüşlər keçirməsi, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Ermənistan ordusunu yenidən toparlayacağıq” bəyənatını praktikaya daşımaq cəhdləridir.

Paşinyan Gürcüstanın baş naziri ilə görüşüb. Görüşdə İran, Ermənistan və Gürcüstan üzərindən Avropa bazarına çıxış müzakirə edilib. Bu şose yoludur. Şose yolunun 400 km yaxını Ermənistan ərazisindən keçir və bunun da təxminən 80 km-ə yaxını sıdırım dağlıq ərazilərə düşür. Bildirildiyinə görə, Avropa Şurasının bu layihəyə ayırdığı kredit əsasında nəzərdə tutulan yolun Zəngəzur dəhlizinə alternativ kimi düşünülür. Məsələ ondadır ki, bu yol şose olacağı üçün Zəngəzur dəhlizi ilə rəqabət apara bilməz. Nəzərdə tutulan yolda dəmir yolunun çəkilməsi üçün ən azı 3 milyard dollar vəsait lazımdır. Bu qeyri-mümkündür. Burada nə Çinin, nə də Rusiyanın marağı var. Ermənistanın bu çabaları stəkanda fırtına yaratmaq kimi bir şeydir”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan ordusu və ordunun apardığı hərbi təlimləri Ermənistanla müqayisə etmək gülüncdür:

“Ermənistan tərəfinin yenidən revaş almaq üçün Azərbaycana hücum edəcəyi qətiyyən inandırıcı deyil. Atəş açmaqla sadəcə olaraq biz də burada varıq deyirlər. Ermənistan ordusunun Azərbaycana təhlükə törədəcəyi gündəmdən düşüb. Azərbaycanın əsas problemi Rusiya sülhməramlıları ilədir. Onları ərazidən çıxarmaq və yerdə qalan Qarabağ əhalisinə vətəndaşlıq verib, digər əraziləri də öz nəzarəti altına keçirməsidir”.

Səxavət Məmməd