Günay Ağamalı: "Azərbaycan İtaliyanın Avropadakı enerji və təhlükəsizlik qalasına çevrilib"

media-hightechnic-468x90

“İtaliya şirkətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət kəsb edir”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Günay Ağamalı bildirib.

Deputat İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakı səfərini və bu səfərin iki ölkə arasındakı münasibətlərə təsirini şərh edib:

“Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. İki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq modelinə yüksəlib. Dövlət başçısının vurğuladığı kimi, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu münasibətlərin möhkəm siyasi əsasını formalaşdırıb. Sözügedən sənədlərdəki müddəaların bu gün real layihələrdə öz əksini tapması əlaqələrimizin konkret nəticələrə söykəndiyini göstərir”.

Millət vəkili qeyd edib ki, İtaliya rəsmisinin ölkəmizə səfəri bir çox aspektdən mühüm siyasi çəkiyə malikdir:

“Ciorcia Meloninin Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Azərbaycana gəlməsi xüsusi diplomatik məna daşıyır. Bu, Azərbaycana verilən yüksək dəyərin və ikitərəfli münasibətlərə olan ciddi önəmin açıq göstəricisidir. Azərbaycan regionda etibarlı tərəfdaş və qlobal söz sahibi olan dövlət kimi qəbul edilir. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması isə münasibətlərin iqtisadi dayaqlarının nə qədər güclü olduğunu sübut edir. Təxminən 12 milyard dollarlıq ticarət dövriyyəsi illər ərzində formalaşmış qarşılıqlı inamın məntiqi nəticəsidir. Enerji sahəsindəki işbirliyi isə əlaqələrimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır və İtaliya bu istiqamətdə ən yaxın müttəfiqimizdir”.

G. Ağamalı İtaliyanın Azərbaycan qazının ən böyük alıcılarından biri olduğunu diqqətə çatdırıb:

“Xüsusilə TAP layihəsinin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu göstərir. Azərbaycanın qaz ixracının əhəmiyyətli hissəsinin İtaliya bazarına yönəlməsi Roma üçün ölkəmizin strateji önəmini daha da artırır. Sevindirici haldır ki, əməkdaşlıq həm də yeni sahələri əhatə etməyə başlayıb. Hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları, İtaliya texnologiyası ilə Azərbaycan investisiyalarının sintezi gələcək üçün böyük perspektivlər vəd edir”.

Sonda deputat İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda apardığı yenidənqurma işlərinə toxunub:

“İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihələr Azərbaycanın bərpa və quruculuq siyasətinə beynəlxalq dəstəyin göstəricisidir. Bu, İtaliyanın Azərbaycana uzunmüddətli və sadiq tərəfdaş kimi yanaşdığını bir daha sübut edir. Təhsil sahəsindəki əlaqələr isə münasibətlərin gələcəyinə yatırılan ən mühüm sərmayədir. Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti humanitar və elmi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Burada təhsil alan gənclər həm peşəkar kadr, həm də ölkələrimiz arasındakı dostluq körpüsünün davamçıları olacaqlar. Azərbaycan–İtaliya əlaqələri regionda və Avropada uğurlu tərəfdaşlığın ən yaxşı nümunələrindən biridir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05