Gürcüstan Rusiyanın “nifrət laboratoriyası”na çevrilib - TƏHLİL
“EuroNews” nəşri Gürcüstanda baş verən son hadisələri təhlil edib.
Yenicag.az xəbər verir ki, təhlil məqaləsində bildirilib ki, Gürcüstandakı hadisələr ekspertlər və beynəlxalq ictimaiyyət arasında narahatlığa səbəb olub.
Müxalif siyasətçilərin təqibi, sərt qanunların qəbul edilməsi və Avropa İttifaqından uzaqlaşma Gürcüstanın avtoritar yola qədəm qoyduğunu göstərir.
“Tbilisidə etiraz aksiyalarında iştirak edən Zurab Caparidze kimi siyasətçilər hökumətin təzyiqlərinə baxmayaraq, demokratik dəyərləri müdafiə etməyə davam edirlər. Onun sözlərinə görə, bu proseslərin arxasında Rusiya dayanır və Gürcüstanda “Rusiyanın oyun kitabı” sınaqdan keçirilir.
Hakim Gürcü Arzusu Partiyası və onun təsisçisi Bidzina İvanişvili Qərblə əlaqələri zəiflədərək ölkədə Rusiyaya bənzər avtoritar idarəçiliyi bərqərar etməyə çalışır. Bu çərçivədə QHT-ləri və medianı hədəf alan “xarici agent” qanunu qəbul olunub. Beynəlxalq müşahidəçilər Gürcüstandakı bu dəyişikliklərin Rusiyanın təsir strategiyasının tərkib hissəsi olduğunu deyirlər. Onlar hesab edirlər ki, Moskva Gürcüstanı Qərbdən ayırmaq və öz təsir dairəsinə salmaq üçün yeni, hibrid üsullar tətbiq edir.
Beynəlxalq ictimaiyyətin narahatlığı təkcə Gürcüstanla məhdudlaşmır. Ekspertlər bu strategiyanın başqa regionlarda da tətbiq oluna biləcəyini xəbərdarlıq edirlər. Mühafizəkar dəyərlər, nifrət ritorikası və qorxu atmosferi vasitəsilə hakimiyyətin gücləndirilməsi Rusiyanın “nifrət laboratoriyası” kimi təqdim olunur. Gürcüstan müxalifəti isə bütün təzyiqlərə baxmayaraq, mübarizəni davam etdirəcəyini bildirir və beynəlxalq ictimaiyyəti dəstəyə çağırır. Zurab Caparidzenin həbsxanadan yazdığı məktubda dediyi kimi: “İstər dəmir barmaqlıqlar arxasında, istərsə də küçələrdə – biz azadlıq və demokratiya uğrunda mübarizəni davam etdirəcəyik”,- deyə məqalədə qeyd olunub.
Nəsimi Ələsgərli