“Belə proseslər, əsasən, Qərbdə hazırlanır və iğtişaşlar törədilməklə hakimiyyətin dəyişdirilməsi planlaşdırılır. Bu texnologiyanı nəzərə alsaq, yaxın iki-üç gün ərzində Qərb üçün Gürcüstandakı ən əlverişli şansın sonuncu olduğunu düşünürəm. Bu fürsətdən istifadə edərək müxalifəti və onun ardınca gedə biləcək qüvvələri təşkil edərək iqtidarı sarsıtmaq istəyirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Siyasi təhlilçi dekabrın 29-da Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin baş tutacaq inauqurasiya mərasimi ilə bağlı müxalifətin kəskin etirazını şərh edib.
N. Şəfiyevin fikrincə, bunu həm müxalifət, həm də Gürcüstandakı xarici qüvvələr başa düşür:
“Düşünürəm ki, hakimiyyət qüvvələri qalib gələcək və onları hakimiyyəti qoruyub saxlayacaqlar. Amma bu günlər ərzində iğtişaşların daha geniş vüsət alması istisna edilmir. Nəticədə isə Gürcüstanda sabitliyi qlobal səviyyədə poza bilməyəcəklər. Amma, hər halda, Gürcüstan müəyyən gərginlik yaşayacaq və bundan istifadə etməyə çalışacaqlar. 100 faizlik proqnoz vermək çətindir, amma mənim fikrimcə, iqtidar öz mövqeyini qoruyacaq. Bu prosesi də adlayandan sonra kütləvi iğtişaşlar və tələblər tədricən səngiməyə doğru gedəcək”.
“Dediyim kimi, bu, müxalifət və onun havadarları üçün son şansdır. Ona görə də Salome Zurabişvilini orada saxlamağa çalışacaqlar ki, o, masanı tərk etməsin. Mən Gürcüstan iqtidarında olsaydım, sabah çox böyük gərginlik yaratmadan onun ofisinin ətrafını tamamilə blokadaya alardım ki, tədricən üç-üç gündən sonra özü öz xoşu ilə oradan çıxsın. Əgər qanuni tələbi yerinə yetirmirsə, əlbəttə ki, onu zorla da çıxarmaq olar. Hətta asayişi pozduğuna görə, sabiq prezident olduğu üçün prezident toxunulmazlığını itirsə, başqa tədbirlər də görülə bilər”, – deyə o, əlavə edib.
“Mənə elə gəlir ki, iqtidar bu mərhələdə gərginliyə gedərək, cəmiyyəti parçalamağa risk etməyəcək. Bu, ciddi qarşıdurmalara səbəb ola bilər, amma mən şəxsən belə bir addım atmazdım. Onlar hansı metoddan istifadə edəcəklər, bunu deyə bilmərəm, amma yenə də fikirləşirəm ki, gərginlik artacaq. Lakin bunun böhrana çevrilməsinə imkan verməyəcəklər”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az