“Gürcüstanda gedən proseslərin arxasında üç əsas qüvvə dayanır: Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransa. Bu qüvvələr birgə hərəkət edərək Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Hədəf dinc etiraz aksiyalarından başlayaraq növbəti mərhələdə açıq şəkildə dövlət çevrilişi təşkil etməkdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi bu gün Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin inauqurasiya mərasimi çərçivəsində gözlənilən genişmiqyaslı etiraz aksiyalarını şərh edib.
Onun sözlərinə görə, bu proseslərdə Salome Zurabişvilinin mövqeyi xüsusi rol oynayır:
“Planın bir hissəsi olaraq, onun prezidentlik müddəti bitdikdən sonra vəzifəsini təhvil verməməsi və bu yolla Gürcüstanda iki hakimiyyətlilik vəziyyəti yaratmaq nəzərdə tutulur. Bu ssenaridə qanuni prezident mövcud olsa da, Zurabişvili qeyri-qanuni hakimiyyət mərkəzinin lideri kimi çıxış edəcək. Məqsəd müxalifəti bir mərkəz ətrafında birləşdirərək ölkədə vətəndaş müharibəsinə yol açmaqdır”.
“Bu proseslər Gürcüstanın daxili siyasi vəziyyətinə təsir etmək üçün nəzərdə tutulmur. Eyni zamanda, Cənubi Qafqazda daha genişmiqyaslı bir münaqişənin əsasını qoymaq məqsədi güdür. Proseslərin arxasında ABŞ, Avropa Birliyi və Fransanın kəşfiyyat orqanlarının dayandığı iddia edilir. Onsuz da Salome Zurabişvili son illərdə Fransanın kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərir və birbaşa direktivləri də Fransadan alır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az