Hafiz Səfixanov: “Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda yerləşdirdiyi minalar humanitar fəlakət yaradır”
Ermənistanın Qarabağ bölgəsində yerləşdirdiyi minalar həm mülki əhali, həm də ətraf mühit üçün davam edən ciddi təhlükə mənbəyidir və bu fakt beynəlxalq hüquq normaları çərçivəsində müharibə cinayəti kimi qiymətləndirilir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar və təmizləmə işləri zamanı milyonlarla mina və partlamamış hərbi sursat aşkarlanıb ki, bu da insan tələfatlarına, ekoloji fəsadlara və regional inkişafın qarşısında böyük maneələrə səbəb olur. Beynəlxalq ictimaiyyət bu məsələni diqqətlə izləyir və mina probleminin hüquqi tanınması, məsuliyyətin müəyyənləşdirilməsi üçün müxtəlif beynəlxalq mexanizmlər və hüquqi prosedurlar həyata keçirilir.
Eyni zamanda, mina partlayışlarından zərər çəkən vətəndaşların sosial və hüquqi müdafiəsi məsələsi böyük əhəmiyyət kəsb edir. Zərərçəkmiş şəxslərin reabilitasiyası, onların sosial inteqrasiyası və özünüməşğulluq imkanlarının yaradılması üçün dövlət strukturları və qeyri-hökumət təşkilatları müxtəlif proqramlar həyata keçirir. Bu təşəbbüslər insanların həyat keyfiyyətinin yaxşılaşdırılması, mina qurbanlarının cəmiyyətə tam inteqrasiyası və gələcəkdə bu cür faciələrin qarşısının alınması məqsədilə davam etdirilir.
Minaların yaratdığı təhlükənin və onun törətdiyi fəsadların beynəlxalq hüquqda necə tanınması, həmçinin mina qurbanları üçün sosial-hüquqi dəstək mexanizmlərinin genişləndirilməsi məsələləri hazırda regional sülhün bərpası və dayanıqlı inkişaf üçün prioritet kimi qarşıya qoyulur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Ermənistanın basdırdığı minalar təkcə mülki əhali üçün deyil, həm də ətraf mühit üçün ciddi təhlükə yaradır.
O qeyd edib ki, onların təşkilatı bu sahə ilə məşğul olan müvafiq beynəlxalq qurumlarla daim əlaqədə olub:
“Vətən müharibəsindən əvvəl ən pessimist beynəlxalq ekspertlər Qarabağ ərazisində maksimum 50-100 min arası mina ola biləcəyini bildirirdilər. Lakin ərazilər işğaldan azad edildikdən və tədqiqatlar aparıldıqdan sonra məlum oldu ki, 44 günlük müharibədən sonra həmin torpaqlarda təxminən 1 milyon mina və partlamamış hərbi sursat mövcuddur. Bu minalar həm yerli əhaliyə, həm də ətraf mühitə, ekologiyaya ciddi təsir göstərir. Su hövzələrində, kanallarda, meşə massivlərində və digər təbii landşaftlarda minaların yerləşdirilməsi ekosistemə ağır zərbə vurur”.
H. Səfixanov bildirib ki, 2023-cü ildə həyata keçirilmiş birgünlük antiterror əməliyyatından sonra bəlli olub ki, 44 günlük müharibədən sonra Ermənistan qoşunları yeni cəbhə xətti formalaşdırıblar:
“Antiterror tədbirlərindən sonra həmin perimetr boyu aparılan yoxlamalar göstərdi ki, bu ərazilərdə də təxminən 500 min mina və partlamamış hərbi sursat var. Bu fakt problemin miqyasının nə qədər ciddi olduğunu göstərir. Artıq bəzi ekspertlər işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursatın olduğunu qeyd edirlər”.
O vurğulayıb ki, Azərbaycan hökuməti İkinci Qarabağ müharibəsindən dərhal sonra minatəmizləmə prosesini özünün əsas prioritetlərindən biri elan edib:
“2021-ci ilin fevral ayında ANAMA yenidən quruldu. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq qüvvələri də humanitar minatəmizləmə işlərinə cəlb olundu. Bundan başqa, dörd kommersiya qurumu – milli kommersiya strukturları yaradıldı və onlar da təmizləmə prosesində fəal iştirak edirlər”.
Onun sözlərinə görə, hazırda onların təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə kasetli silahların tədqiqi layihəsini həyata keçirir:
“Bu fərqli bir silah növü olsa da, kasetli silahlar birbaşa müharibədə istifadə olunub və Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren ərazilərində tətbiq edilib. Biz artıq işğaldan azad olunmuş ərazilərdə monitorinqlər aparmışıq və bu monitorinqlərin nəticəsində həm minaların, həm də kasetli silahların çoxsaylı nümunələrinə rast gəlmişik. Təəssüf ki, həmin ərazilərdə həm minalar, həm də kasetli silahlar səbəbilə Azərbaycan vətəndaşları arasında ölən və yaralananlar olub”.
Müsahibimiz onu da deyib ki, rəsmi məlumatlara əsasən, 2020-ci il 10 noyabrdan sonra Azərbaycanda 399 nəfər mina və partlamamış hərbi sursatlar nəticəsində həlak olub və ya yaralanıb:
“Onlardan 70 nəfər həyatını itirib ki, bu şəxslərin 55-i mülki vətəndaşlardır və mina partlayışı nəticəsində həlak olublar. Bu isə problemin nə qədər ciddi olduğunu göstərir”.
O qeyd edib ki, bu sahədə həm hökumət strukturları, həm də vətəndaş cəmiyyətinin təsisatları və beynəlxalq təşkilatlar məsələ qaldırırlar:
“Biz dəfələrlə beynəlxalq platformalarda qeyd etmişik ki, bu problem humanitar fəlakət səviyyəsindədir və Ermənistan bu məsələyə görə birbaşa məsuliyyət daşıyır. Təşkilatımızın apardığı gərgin fəaliyyət nəticəsində 2023-cü ildə Ermənistan Respublikasının mina istehsal edən ölkə kimi tanınması və həmin minaların Azərbaycanın suveren ərazilərində yerləşdirilməsi faktı beynəlxalq hesabatlarda əks olunub”.
H. Səfixanov əlavə edib ki, artıq bir neçə ildir ki, beynəlxalq ictimaiyyət bilir ki, Ermənistan minalar istehsal edib və onları Azərbaycan ərazilərində basdırıb:
“Bundan əlavə, Azərbaycanın rəsmi qurumları mina məsələsini Ermənistana qarşı beynəlxalq məhkəmələrdə əsas məsələ kimi qaldırır və bu istiqamətdə geri çəkilmək fikrində deyil”.
O vurğulayıb ki, ölkədə mümkün olan bütün resurslarla mina fəaliyyəti həyata keçirilir:
“Mina qurbanlarının problemləri ilə bağlı müvafiq nazirliklər sosial xidmətlər göstərir. Onlar protez, ortez və digər xidmətlərlə müharibə əlilləri səviyyəsində təmin olunurlar”.
Həmsöhbətimiz qeyd edib ki, onların qurumu son üç ildə bir neçə layihə həyata keçirib və bu layihələr mina qurbanlarının sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır:
“Onların özlərinin seçdiyi kiçik biznes sahələrinə uyğun olaraq mal-material, avadanlıq alınıb təqdim olunub və hal-hazırda həmin insanlar bu vəsaitlərdən istifadə edərək güzəranlarını və sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırırlar”.
Məsimə Məmmədova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.