Hakan Fidan istefa verdi – 63-cü Hökümətin ilk naziri bəlli oldu
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başındakı isim -Hakan Fidan, 7 iyun 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verdi.
Yenicag.az-ın xəbərinə görə, Hakan Fidan ərizəsi baş nazir Əhməd Davudoğlu tərəfindən qəbul edilib.
Türkiyənin ən məşhur kəşfiyyat xidməti rəislərindən olan Hakan Fidan Gülənin də “qara siyahı”sında Ərdoğandan sonra ikinci yerdə dayanır.
Fətullahçıların iddiasına görə, Ərdoğanla Gülən arasında problemin qaynağı da odur.
Fidan eyni zamanda İsrailin sevmədiyi şəxslər arasındadır.
Ərdoğana ən yaxın şəxslərdən olan Hakan Fidanın mandate aldıqdan sonra xarici işlər naziri olması gözlənilir.
***
CNN Türk kanalında mövzu ilə bağlı danışan Hökumət sözçüsü Bülent Arınç, Fidanın millət vəkili olmaq üçün istefa etməsini belə şərh etdi: “Hazırki vəzifəsi məncə daha əhəmiyyətli idi. Əgər vəkil olacaqsa, hər vəkil onun etdiyi işi görə bilməz. Sıravi bir millət vəkili olacaqsa, məncə bu vəzifə çox daha əhəmiyyətli idi. Şəxsən onun nazir olmasını da uyğun görmürəm. Süpermen vəzifəsi verilmiş bir insanın bir vəkil olaraq parlamentə girməsini israf olaraq görürəm”.
Qeyd edək ki, bu Bülent Arınçın ənənəvi ilkin-razılaşdırılmamış mövqeyidir. Ərdoğan hökuməti dönəmində dəfələrlə keçmiş baş nazirlə zidd düşən və sonra geri götürdüyü çıxışları olub.
Məsələ burasındadır ki, Arınçın özü bu seçimdə iştirak edə bilməyəcək.
Yenicag.az