Hakan Fidan sabah Moskvaya gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə iyunun 16-da Rusiyaya səfər edəcək.
Yenicag.az xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, Hakan Fidan Rusiyaya son səfərini 2025-ci il mayın 26–da edib. Onunla Sergey Lavrov arasında son görüş isə bu il aprelin 18-də, Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Türk nazirin Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilməsi, həmçinin rusiyalı həmkarı Sergey Lavrov və digər yüksəksəviyyəli rəsmilərlə görüşü planlaşdırılır.
Səfər çərçivəsində Fidanın Rusiyada fəaliyyət göstərən türk iş adamları ilə də bir araya gəlməsi nəzərdə tutulur.
Hakan Fidanın sözügedən səfər zamanı keçirəcəyi görüşlərdə üstünlük verəcəyi məsələlər arasında Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəklədiyi, Cənubi Qafqazda təmin olunacaq sülh və sabitlik mühitinin həm Türkiyə, həm də Rusiyanın maraqlarına uyğun olacağını vurğulaması gözlənilir.
Nazirin, həmçinin başda ticarət, enerji, təhlükəsizlik və konsulluq məsələləri olmaqla, ikitərəfli münasibətlər, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibədə davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi diplomatik səylər, Qara dənizdə artan gərginliyin regional və qlobal sülhə yaratdığı təhdidlər, Türkiyənin ABŞ ilə İran arasında davamlı sülhün bərqərar olmasına dəstəyi kimi məsələlərə üstünlük verməsi də nəzərdə tutulur.













