80 yaşını qəfəs döyüşü ilə qeyd etdi – Fotolar
ABŞ Prezidenti Donald Tramp 80 illik yubileyini Ağ Evin Cənub Çəmənliyində təşkil olunan UFC (Ultimate Fighting Championship) turniri ilə qeyd edib. Tədbir Ağ Evin tarixində ən qeyri-adi mərasimlərdən biri kimi qiymətləndirilir.
Yenicag.az xəbər verir ki, Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə rinqin kənarında yer alıb.
Ağ Evin ərazisində qurulan səkkizbucaqlı qəfəsdə keçirilən döyüşləri prezidentin ailə üzvləri, administrasiya rəsmiləri, senatorlar, iş adamları və tanınmış simalar da izləyiblər.
Tədbirə texnologiya milyarderləri Mark Zukerberq və Devid Ellison, senatorlar Con Tun və Ted Kruz, eləcə də, UFC rəhbəri Dana Uayt, musiqiçi Kid Rok və digər məşhur şəxslər qatılıblar.
Ağ Evin geniş ərazisi döyüş şousu üçün xüsusi şəkildə hazırlanıb. Minlərlə tamaşaçı çəmənlikdə qurulan nəhəng konstruksiyanın altında döyüşləri izləyib. Döyüşçülərin Ağ Evin müxtəlif hissələrindən keçərək arenaya çıxması da tədbirin diqqətçəkən məqamlarından olub.
Turnir zamanı bir neçə döyüş keçirilib. Qaliblərdən bəziləri qələbədən sonra Trampın qarşısında sevinc nümayiş etdirib, prezident isə onları alqışlayıb.
Bildirilir ki, Trampın UFC-yə marağı yeni deyil. O, hələ 1980-ci illərdən bəri boks və döyüş idman növlərinin böyük dəstəkçilərindən biri olub. Son illərdə isə UFC rəhbəri Dana Uaytla yaxın münasibətləri ilə tanınır.




























