Hakan Fidanın yerinə keçəcək isim Azərbaycanda çalışıb
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanın Gülənin prokurorlarının onu polisə ifadə verməyə çağırdıqları gün istefa verməsi şok effekti yaratdı. 10 fevrala qədər vaxtı olduğu halda məhz 7 fevralda istefa ərizəsini imzalayan Hakan Fidanın 63-cü kabinetdə mühüm nazir postlarından birini tutacağı bildirilir.
Yenicag.az-ın Türkiyə qaynaqlarından aldığı xəbərə görə, Hakan Fidanın parlamentə seçilmək istəyi Camaatda ciddi narahatlığa səbəb olub. Bu səbəbdən də H.Fidana qarşı yenidən “baltalar” hazırlanıb. Lakin Fidanın məhz 7 fevralda istefa verməsi Gülənə qarşı meydan oxuma sayılır.
Hakan Fidanın Davudoğlunun quracağı 63-cü hökumətdə daxili və ya xarici işlər naziri olması gözlənilir. Və ya Fidan super səlahiyyətli baş nazir müavini də ola bilər. Kürd açılımı və dövlət içindəki paralellə mübarizə sahələrinin ona həvalə olunacağı gözlənilir.
Hakan Fidanın yerinə isə Məhəmməd Dərvişoğlunun gələcəyi gözlənilir. Hökumət sözçüsü Bülənt Arınçın da “Fidan qədər bu mövzuları (Paralel, Kürd açılımı və s.) təqib edən” sabiq MİT müstəşar yardımçısı Dərvişoğlu Gülənin hədəfindədir. Qadağan olmasına baxmayaraq, 2012-ci ildə “Anadolu” agentliyi içərisindəki fətullahçıların təxribatı nəticəsində onun adını deşifrə etmişdi. Belə ki, Türkiyə qanunvericiliyinə görə, MİT-çilərin adlarının açıq yazılması qadağan idi. Adının deşifrə olmasından sonra “Paralel”in hədəf mərkəzlərindən biri olan Dərvişoğlu hazırda Daxili İşlər Nazirliyinə bağlı Cəmiyyət Düzəni və Təhlükəsizliyi xidmətinin başçısıdır.
Türk mediasının yazdığına görə, Gülən Camaatının narahat olduğu isimlərdən olan Məhəmməd Dərvişoğlu 1998-2002-ci illərdə Azərbaycanda çalışıb.
Bu isə Azərbaycanda güclü şəbəkə quran Gülən camaatı üçün başqa bir narahatlıq qaynağıdır. Çünki təşkilatlandıqları ən önəmli dönəmdə Bakıda yaşayan Məhəmməd Dərvişoğlu Camaatın Türkiyə xaricindəki şəbəkəsinin çökdürülməsində də mühüm rol oynayacaq.