“Hakimiyyəti bölmək lazımdır”
Yenicag.az müsavat-a istinadən bildirir ki, Yəməndə şiə Husilər Hərəkatı hökumətə qarşı silahlı müqaviməti gücləndirib. Prezident Mənsur Hadi onların irəli sürdüyü ultimatumu qəbul etmək zorundadır. Onlarsa tələb edirlər ki, ölkənin vitse-prezidenti şiə olmalıdır. Ölkənin şiə çoxluğu sünnilərlə hakimiyyəti bölüşmək arzusundadır. Artıq 2 gündür ki, prezident sarayı şiə döyüşçülərin nəzarətindədir. Prezidentin ultimatumu qəbul etməkdən başqa çarəsi yoxdur.
Belə bir məqamda Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh bəyan edib ki, ölkədə yenidən prezident və parlament seçkiləri keçirilməlidir. Onun düşüncəsinə görə, Yəməni siyasi xaosdan xilas etmək üçün bu yeganə doğru qərar ola bilərdi.
Husilər Hərəkatının lideri Əbdül-Məlik əl-Husi televiziya çıxışı zamanı prezident Mənsur Hadini yəmən xalqını məyus etməkdə ittiham edib. Və prezidenti ədalətli hakimiyyət bölgüsü keçirməyə çağırıb: “Bu tarixi və istisna bir zamandır, Yəmənə qarşı düşmənlər birləşirlər. Ölkəmiz böyük təhlükə ilə üz-üzədir. Bizi sülh və əməkdaşlıqdan kimsə geri çəkə bilməz. Biz yabançılardan qorxmuruq, ölkəmiz həlledici anlar yaşayır”.
Husilər Hərəkatının liderlərindən olan Məhəmməd əl-Bukhati “Reuters”ə bildirib ki, prezident hazırda öz evindədir. Onun öz mənzilini tərk etməsinə də kimsə mane olmayacaq.
İddialara görə Husilər Hərəkatı İran İslam Respublikasının nəzarətində olan bir təşkilatdır. Onlar Ayətullah Xameneini imam adlandırır və ona biət edirlər.
Bu arada isə ABŞ Yəmənin qanuni prezidentini müdafiə etdiyini bir daha vurğulayıb.
Daha bir diqqət çəkən məqam isə ondan ibarətdir ki, “Al Jazeera” sabiq prezident Əli Abdulla Saleh ilə Husilər Hərəkatının hərbi rəhbərlərindən biri ilə apardığı telefon danışığının lent yazısını yayıb. Televiziya bildirir ki, sabiq prezident kölgədə olsa da öz siyasi çəkisini qoruyub saxlayır və onun qayıdışını arzulaynlar çoxdur.
Son məlumata görə, prezident Mənsur Hadi Husilər Hərəkatının irəli sürdüyü bütün şərtləri qəbul edib.