Hansı məzunlara qızıl və gümüş medal veriləcək?
2014-2015-ci tədris ili üzrə qızıl və gümüş medallara namizədlərin sayı açıqlanıb.
Bakı və respblikanın digər şəhər və rayonlarından 316 nəfərin qızıl və gümüş medala namizədliyi irəli sürülüb.
Təhsil Nazirliyindən verilən məlumata görə, qızıl və gümüş medala kimlərin layiq görüləcəyi imtahanlardan sonra bəlli olacaq.
“Nə qədər məzunun bu medallara layiq görüləcəyi bilinmir. Amma böyük ehtimalla nəticələr ali mətkəblərə qəbul imtahanlarından sonra açıqlanacaq”.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən ötən dərs ilinin sonunda Azərbaycanda 11-ci sinfi xüsusi nailiyyətlərlə başa vuran 176 məzun qızıl, 25 məzun isə gümüş medalla təltif olunub.
Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası”na əsasən verilir. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.
Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Bununla yanaşı, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır(modern).