Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hansını seçək: təbii qida məhsullarını, yoxsa GMO-ları?!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi genetik modifikasiya olunmuş orqanizmlər haqqında araşdırma aparıb.

Yenicag.az həmin araşdırmanı təqdim edir:

Qeyd etmək lazımdır ki, genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrə daxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə ifadə etsək gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.

Bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirmişdir. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaratmışdır.

Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.

Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir. Qeyd etmək lazımdır ki, bitkiciliklə yanaşı heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüşsomon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı vəya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər. Dünya əhalisinin artım sürətini nəzərə alaraq yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür. Hal-hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir. Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesininin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur[5;6] .

Dərman sənayesi və tibb sahəsində GMO-lar əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.

Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümümi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər. Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.

GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Qeyd etmək lazımdır ki, GMO-larla fərqli növ təbii orqanizmlər arası gen transferi nəzəri olaraq inkar edilməsə də, praktik olaraq baş vermə ehtimalı çox azdır. Bununla belə, hal-hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin(cütləşmə və ya mayalanma vasitəsi ilə eyni növ orqanizmlər arası genetik materialın transferi) baş verməsidir. Başqa sözlə ifadə etsək, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. Böcəklərə qarşı müqaviməti təmin edən genin çarpaz mayalanma ilə digər təbii bitkilərə keçmə ehtimalı buna misal olaraq göstərilə bilər.

Qeyd etmək lazımdir ki, GMO-ların potensial riskləri istər elmi tədqiqat institutları istərsə də kənd təsərrüfatı sahəsində fəaliyət göstərən biotexnologiya şirkətləri tərəfindən ətraflı şəkildə təhlil edilməmişdir. Bütün hallarda, genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son verilməlidir.Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar etmişdir.

Hansını seçək: genetik seleksiya yolu ilə yaradılmış və minilliklərin sınağından çıxmış təbii qida məhsullarını, yoxsa genetik modifikasiya olunmuş orqanizmləri, yəni GMO-ları?!

Genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılmışdır. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olmuşdurlar. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirmişdirlər.

Seleksiya nəticəsində insanlar tərəfindən istehlak edilən bitki sortları (məs., gül kələmi, Brüssel kələmi, quru kələm, qarğıdalı) və heyvan cinsləri (məs., çox süd verən inək və qoyun cinsləri) yaradılmışdır. Qida təhlükəsizliyi baxımından bu cür orqanizmlərin insanlar tərəfindən yeyilməsi tam təhlükəsizdir. Bununla belə, seleksiya nəticəsində əldə edilən orqanizmlərin saxlanılması və becərilməsinin iqtisadi cəhətdən sərfəli olmaması, qeyri-məhsuldarlığı, habelə ətraf mühit amillərinə və zərərvericilərə qarşı həssas olması onlardan əldə ediləcək məhsulun miqdarına öz mənfi təsirini göstərir. Həmçinin dünyada əhalinin sayının artması qida çatışmazlığına səbəb olan ən vacib amillərdəndir.

Bundan başqa, genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.

Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərindən başlanılmış və günümüzə qədər davam edir.

GMO mənşəli orqanizmlər dedikdə, genetik mühəndisliyin metodları vasitəsilə canlının genetik materialında (genlərində) aparılmış dəyişikliklər başa düşülür. Hazırda GMO mənşəli orqanizmlərdən qida və dərman istehsalında, habelə elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Həmin orqanizmlərin genlərində edilmiş dəyişikliklər növbəti nəsillərə ötürülərək lazım olan xüsusiyyətlərin formalaşmasına səbəb olur.

GMO mənşəli qidalar dedikdə, genetik modifikasiya olunmuş mikrooqranizimlər, bitkilər və heyvanlardan əldə edilmiş məhsullar başa düşülür.

GMO mənşəli orqanizmlərin formalaşdırılmasına təkan verən amil 1954-cü ildə Vatson və Krik tərəfindən ikizəncirli dezoksiribonuklein turşusunun (DNT) kəşfi ilə əlaqədardır.

Molekulyar biologiya elmi inkişaf etdikcə, canlıların genetik materialının, yəni DNT-sinin öyrənilməsi də geniş vüsət almışdır. Rekombinant DNT texnologiyasının, yəni laboratoriya şəraitində canlı orqanizmlərin DNT-sinin ardıcıllığında dəyişikliklər etmək metodunun inkişafı GMO-ların yaradılmasına səbəb olmuşdur.

1973-cü ildə Herbert Boyer və Stanley Cohen ilk dəfə olaraq, antibiotikə davamlı genetik modifikasiya olunmuş bakteriya yarada bilmişlər. Bundan sonra, 1983-cü ildə ətraf mühit amillərinə davamlı tütün bitkisi yaradılmış və Çində bu bitkidən hazırlanan məhsulun satışı həyata keçirilmişdir.

İlk dəfə ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən GMO olan pomidorun marketlərdə şatışına icazə verilmişdir. Daha sonra bitkilərin zərərvericilərə qarşı mühafizəsini təşkil etmək üçün istifadə edilən pestisidlərə qarşı dözümlü pambıq, soya, qarğıdalı və şəkər çuğunduru GMO-ları yaradılmışdır. Bu tip bitkilər onların genetik materialına virus, bakteriya, əqrəb, həşərat və s. kimi orqanizmlərin genlərinin müəyyən hissələrinin köçürülməsi hesabına yaradılmışdır. Bütün bunlar GMO mənşəli qidaların sürətlə dünya bazarında artmasına təkan vermişdir və hazırda, demək olar ki, əksər böyük dövlətlərdə onların satışı problemsiz həyata keçirilir.

Dünya əhalisinin sürətlə artması və kənd təsərrüfatında heyvan mənşəli yemlərə artan tələbat tez bir zamanda daha yüksək məhsul verən və zülal ilə zəngin olan qidalara olan tələbatı da artırmışdır.

Birləşmiş Millətlər Təşkilatının (UNO) məlumatına əsasən, hazırda dünyada təxminən 7,6 milyard insan yaşayır və onların sayının 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard olacağı təxmin edilir. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna əsasən, adambaşına düşən qida istehsalı üçün əlverişli torpaqların miqdarı 2050-ci ilə qədər 0,242 hektardan 0,18 hektara qədər azalacaq.

Əhalinin sayının sürətlə artması nəticəsində yaranan qida çatışmazlığının qarşısını almaq məqsədi ilə GMO-lu qidaların kütləvi istehsalı həyata keçirilir.

Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və erroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.

Adətən, GMO mənşəli orqanizmlər iki genetik metod vasitəsilə yaradılır: birbaşa DNT-sində dəyişikliyin aparılması, yəni hər hansı genetik fraqmentin daxil edilməsi və bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi. Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, ərik, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Sadalanan GMO-lu qida məhsullarının market və bazarlarda satışıa ABŞ Kənd Təsərrüfatı İdarəsi (USDA) tərəfindən 2015-ci ildə razılıq verilmişdir.

Bu cür GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir, yalnız GMO-lu raps, pambıq, soya, qarğıdalı və şəkər çuğundurunun satışına və istifadəsinə icazə verilir.

Bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi metodundan Agrobacterium adlı bakteriyadan müxtəlif növ GMO mənşəli paxlalı bitkilərin yaradılmasında istifadə edilir.

GMO-lu heyvanlardan, əsasən, tibb sahəsində müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi nəzərdə tutulsa da, Cənubi Koreya alimləri tərəfində yaradılmış yeni balıq növünü, Çin və Yeni Zelandiya alimləri tərəfindən yaradılmış inəklərdən əldə edilən südü insanlar istehlak edirlər.

GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır.

Elm inkişaf etdikcə, GMO-ların yaradılmasında yeni genetik metodların tətbiqinə də əlverişli şərait yaranır. Belə ki, 2012-ci ildə CRISPR – Cas9 adlı yeni genetik metod vasitəsilə bitki və heyvan mənşəli orqanizmlərin genetik materialında dəyişikliklər və hətta əlavələr edilməyə başlanılmışdır.

GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.ə əməl etmək vacibdir.

www.yenicag.az

3046