Həkim və tibb bacıları da saxlanıldı: Reanimasiyadakı xəstələrin cihaza bağlı olmadığı üzə çıxdı - VİDEO
Türkiyənin Elazığ şəhərində hüquq-mühafizə orqanları tibb müəssisələrində xəstələrin həyatını riskə atan və dövlət büdcəsini talayan genişmiqyaslı korrupsiya şəbəkəsini ifşa edib.
Yenicag.az-ın məlumatına görə, Elazığ Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən irimiqyaslı əməliyyat çərçivəsində “Elazığ Medikal Hospital”, “Eyşan Özgü” və “Dünya Dializ” mərkəzlərində rəsmi sənədlərin saxtalaşdırılması və mənimsəmə faktları müəyyən edilib. Aparılan istintaq tədbirləri nəticəsində aralarında həkimlər, tibb bacıları və klinika rəhbərliyinin də olduğu 23 şübhəli şəxs qandallanıb.
Jandarma qüvvələrinin keçirdiyi sinxron əməliyyatlar zamanı 18 mənzil və 3 iş yerində axtarış aparılıb, korrupsiya sxemini sübut edən çoxsaylı elektron daşıyıcılar və rəsmi sənədlər maddi sübut kimi götürülüb.

İstintaq materiallarına daxil edilən və gizli çəkilişlərlə sənədləşdirilən kadrlar səhiyyə sistemindəki sarsıdıcı reallığı ifşa edib. Məlum olub ki, sözügedən xəstəxanaların reanimasiya şöbələrində tibbi avadanlıqlar sanki ağır xəstə varmış təəssüratı yaratmaq üçün boş yerə işlək vəziyyətdə saxlanılıb. Faktiki olaraq çarpayıların boş olduğu, rəsmi sənədlərdə isə “kritik vəziyyətdə” kimi qeydiyyata alınan şəxslərin heç bir süni tənəffüs və ya digər həyatı vacib qurğulara qoşulmadığı aşkarlanıb. Bu cinayət sxemi vasitəsilə xəstəxanalar Dövlət Sosial Müdafiə Fondundan (SGK) hər bir ‘xəstə’ üçün ayrılan külli miqdarda vəsaiti qanunsuz yollarla mənimsəyiblər.
Əməliyyatın miqyası genişləndikcə, cinayət şəbəkəsinin əsas fiqurlarından biri — “Elazığ Medikal Hospital” və “Özel Doğu Anadolu” xəstəxanalarının rəhbəri, cərrah Əli Ş. nəzarətə götürülüb. İstintaqdan yayınmaq üçün müxtəlif şəhərlərdə izini itirməyə çalışan xəstəxana rəhbəri jandarma qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Kırıkkale istiqamətində yaxalanaraq qandallanıb.
Hazırda faktla bağlı Elazığ İl Jandarma Komandanlığı tərəfindən genişmiqyaslı araşdırmalar davam etdirilir. Müvafiq dövlət qurumları və auditorlar tərəfindən xəstəxananın saxta protokollarla dövlət büdcəsinə vurduğu ziyanın dəqiq miqdarı hesablanır.
Ayşən













