HƏMAS-İsrail RAZILAŞMASI: "Bu addım atılsa, Təl-Əviv məhv ola bilər”
“İsrail və HƏMAS arasında bu tip razılaşmalar çox olub, amma heç biri yekun sülhə xidmət etməyib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı HƏMAS və İsrail arasında əldə olunan razılaşmanı şərh edərkən deyib.
O bildirib ki, uzun illər qarşıdurma içində olan qüvvələr bundan sonra da savaşa davam edəcəklər:
“İsrail Ordusunun Qəzzadan çıxarılması rəsmi Təl-Əvivin məhvinə gətirib çıxara bilər. Buna görə də, adıçəkilən dövlət bu addımı atmayacaq. Bu məsələ ilə İsrail daxilində də razılaşmayan qüvvələr var. Ona görə də Netanyahu hökuməti buna getməz. Bu, Baş nazir iqtidarının sonu ola bilər. Mümkündür ki, bir müddətlik razılaşma olsun. Atəşkəsin davamlı olmayacağını düşünürəm. Ötən əsrin 60-cı illərindən qarşıdurma içində olan qüvvələr heç vaxt sülh əldə etməyəcək. ABŞ də bunda maraqlı deyil. Düzdür, Donald Tramp atəşkəs üçün müəyyən səylər göstərə bilər, amma bu, davamlı olmayacaq. Unutmaq lazım deyil ki, məhz onun dövründə Qüds İsrailin paytaxtı kimi tanınıb. Qeyd etdiyim kimi, Donald Tramp İsrail və HƏMAS arasında davamlı sülhün olmasına razı deyil”.
Məlik Məlikov