Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir? - DEPUTATDAN AÇIQLAMA
Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması tətbiq oluna bilər.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O bildirib ki, sosial şəbəkələrdə vaxt keçirmələri uşaqların inkişafına mənfi təsir göstərir:
“Ümumiyyətlə sosial şəbəkələr onların bir çoxunun depressiyaya düşməsinə səbəb ola bilir. Son illər onlayn oyunlara görə dəfələrlə intihara cəhd edən yeniyetmələr görürük”, – deyə o bildirib.
Deputat bildirib ki, bu yaxınlarda Danimarkada 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi müzakirə olunub:
“Ötən il isə Avstraliya Senatı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib. Hətta bu qanunu pozan şirkətlərə 50 milyon Avstraliya dollarına qədər cərimə tətbiq ediləcək. Sənəddə hansı platformaların qadağan olunacağı tam dəqiq bildirilmirdi. Amma rəsmi məlumatlara görə, bunun TikTok, Instagram, X, Facebook, Reddit, Snapchat olduğu deyildi.
Xüsusilə, burada əsas məsələ istifadəçilərin yaşının dəqiq necə müəyyən ediləcəyidir. Avstraliya hökuməti ilk növbədə altı ay ərzində bir neçə texnologiyanı sınaqdan keçirməyi planlaşdırır. Qanun da bu il qüvvəyə minəcək”.
Deputat vurğulayıb ki, Azərbaycanda da irəli zamanlarda bu qanuni tətbiq etmək olar:
“Lakin ilk öncə təcrübələrə baxılmalı, çatışmayan cəhətlər təhlil edilməlidir. Avstraliya hakimiyyətinin qərarı bir çox valideyn təşkilatı tərəfindən dəstəklənsə də, siyasətçilər və insan haqları təşkilatları onu tənqid ediblər”.
Nəsimi Ələsgərli