Məktəbli avtobuslarından kütləvi istifadə bu şərtlə mümkün olar – EKSPERT AÇIQLADI
Bu günlərdə pilot layihə kimi tətbiqinə başlanılan məktəbli avtobusları (“2School”) ilə bağlı sosial şəbəkədə valideynlər tərəfindən narazılıqlar baş qaldırıb.
Valideynlər ödənişlərin orta büdcəli ailələrə uyğun olmamasından şikayətçidir.
Mövzunu Yenicag.az-a şərh edən təhsil eksperti Elçin Əfəndi vəziyyətdən çıxış yollarını göstərib:
“Məktəbli avtobusları ilə bağlı valideyn narazılığı anlaşılandır. Məktəbli avtobusları pilot layihə olaraq mərkəzdə olan bəzi təhsil müəssisələrini əhatə edir. Burada 1200 şagirdin daşınması nəzərdə tutulur. Valideynlər ictimai nəqliyyatla müqayisə apardıqları zaman bu qiymətlərin yüksək olduğunu əsas gətirirlər. Burada müəyyən qədər xidmət fərqləri var. Məktəbli avtobuslarına əlavə olunaraq dayə, nəzarətçi təyin olunur. Eyni zamanda məktəbli avtobuslarının tutumu azdır. 10-12 yerlik avtobuslardır. Buna görə qiymət valideynlərə yüksək görünür. Bu, dövlət özəl tərəfdaşlığı çərçivəsində baş verən prosesdir. Gələcəkdə ən azı dövlət büdcəsindən müəyyən qədər bu istiqamətdə maliyyənin yatırılması valideynlərin də yükünü azaltmış olar. Yalnız bundan sonra kütləvi şəkildə məktəbli avtobusları layihəsinin özünü doğrultmasını demək olar”.
Cəvahir