!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS liderinin qətlində iki SƏBƏB: İsrail Tehrana bu mesajları verdi – “Regionda gərginlik artacaq”

!Reklam – Yazi

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Həniyənin Tehranda öldürülməsi, ümumiyyətlə, İsrailin uzun müddətdən bəri mövcud olan taktikasına uyğun bir addım idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Tehranda MOSSAD tərəfindən qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Həniyənin ölümü ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İsrail yarandığı dövrdən öz düşmənlərinə qarşı kifayət qədər effektiv mübarizə metodları seçib:

“İsrail kəşfiyyatı onların dünyanın harasında olmasından asılı olmayaraq, müəyyənləşdirir və sıradan çıxarır. Belə bir hadisə isə dünən məhz Tehranda yaşandı. Bilirik ki, İsrail öz hücumları nəticəsində HƏMAS-ın qurucusu Əhməd Yasini də 20 il öncə öldürmüşdü. Yəni biz İsrail xüsusi xidmət orqanlarının bu tipli həyata keçirdiyi əməliyyatların daim şahidi olmuşuq. Təbii ki, Tehranda həyata keçirilən sözügedən əməliyyat olduqca yüksək hazırlığın göstəricisi kimi dəyərləndirilməlidir. Belə ki, vaxtın seçimi və əməliyyatın dəqiqliyi kifayət qədər yüksək peşəkarlığı özündə göstərir. Çünki İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən şəxs məhz Tehranda qətlə yetirilib”.

O. Qasımov düşünür ki, bu, əslində, iki səbəbdən baş verə bilər:

“7 oktyabrda HƏMAS İsrailə hücum edərkən İsrailin baş naziri Benyamin Netanyahu və hökumət üzvləri HƏMAS-a çox ağır bədəllər ödədəcəklərini qeyd etmişdilər. Hətta HƏMAS məhv olana qədər əməliyyatların davam etdiriləcəyi bildirilmişdi. Hazırda Təl-Əviv administrasiyasının verdiyi məlumata görə, HƏMAS-ın hərbi qüvvəsinin təxminən ¾-ü sıradan çıxarılıb və Qəzza şəhərinin əhəmiyyətli hissələri SAXAL-ın (İsrail Müdafiə Ordusu – red.) nəzarətinə keçib”.

Mütəxəssis onu da vurğulayıb ki, İsrail bununla bərabər HƏMAS, o cümlədən, ona qarşı olan digər qrupların liderlərini tək-tək sıradan çıxarmaq sahəsində də əməliyyatlarını davam etdirəcək:

“Məsələn, dünən Livanın paytaxtı Beyruta endirilən zərbələr, ondan öncə isə Suriya ərazisində vurulan nöqtələr İsrailin hərbi taktikasının tərkib hissələridir. Əslində, İsmail Həniyənin öldürülməsi HƏMAS-a vurulan ağır zərbə, hətta bir növ gözdağıdır. Eyni zamanda, onun Tehranda qətlə yetirilməsi həm də İrana bir gözdağı verməkdir. Yəni İsrail kəşfiyyatı – MOSSAD bununla göstərməyə çalışır ki, HƏMAS-ın arxasında İranın dayandığını dəqiq bilir və Tehranda adıçəkilən əməliyyatı həyata keçirməklə onu göstərdi ki, İsrail istəsə, İrana məhz Tehranın özündə də cavab vermək imkanı var. Bu da ikinci bir mesajdır”.

“Hər halda, bu, böyük bir hadisədir. Fikrimcə, bu, Qəzza və regiondakı prosesləri bir qədər də gərginləşdirəcək. Hətta son dövrlər HƏMAS-la İsrail arasında müəyyən razılaşmaların olması haqqında informasiyalar dərc olunurdu. Əslində, bu əməliyyatla həmin proses faktiki olaraq bir müddət durdurulacaq. Amma bununla yanaşı, İsrailin artıq əlinin gücləndiyini də deyə bilərik. HƏMAS isə sözügedən hadisədən sarsılsa da, qruplaşmanın bundan sonra İsrailə qarşı daha da radikallaşacağı istisna edilmir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv