Həmyerlimiz Rusiyada qətlə yetirildi
Azərbaycan vətəndaşı Rusiyada cəza çəkdiyi həbsxanada naməlum şəraitdə öldürülüb.
Qətlə yetirilən şəxs Salyan rayon sakini, 1966-cı il təvəllüdlü Nazim Məmmədəli oğlu Əhmədovdur.
Yaxınlarının verdikləri məlumata görə, N.Əhmədov 2012-ci ildə çörəkpulu qazanmaq üçün Rusiyaya yollanıb. Orada xırda bizneslə məşğul olmağa başlayıb. Ailə üzvləri ilə də mütəmadi olaraq əlaqə saxlayırmış.
Amma sonradan bu əlaqə qəfildən kəsilib. Ailə üzvləri sonradan Nazim Əhmədovdan heç bir xəbər tuta bilməyiblər.
Yaxınlarının dediyinə görə, N.Əhmədovun Başqırdıstanın paytaxtı Ufa şəhərində yaşayan dayısı onu axtarmağa başlayıb. Bu axtarışlar xeyli çəkib. Nəhayət, dayısı bir neçə gün əvvəl N.Əhmədovun ölüm xəbərini alıb. Məlum olub ki, Moskva ətrafındakı həbsxanaların birində cəza çəkən Nazim Əhmədov hələ avqust ayında həbsxanada naməlum şəraitdə öldürülüb və elə orada da dəfn olunub. Onun qəbri çox çətinliklə tapılıb.
4 ay əvvəl qətlə yetirilən N.Əhmədovun cənazəsini Azərbaycana gətirmək hələlik mümkün olmasa da yaxınları Salyanda ona yas məclisi qurublar.