Hərbi dəniz tariximizdə bir ilk
Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.
Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması mövzusunda taktiki təlimlər keçirilib.
“Gəmi inşası zavodu”nda inşa olunmuş iti sürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəxsən izləyib. Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib. Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən hərbi qulluqçular təltif olunublar.
(anspress.com)