!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə

!Reklam – Yazi

“Hələ də “Sovet” sözü bizim beynimizdən silinib-getməyib”

“Unudulmaz kəşfiyyatçı” kimi anılan, mərhum prezident Heydər Əliyevin ailəsində yetişən, xalq arasında böyük nüfuza sahib olan Rzaqulu Quliyev həyat yoldaşı Zərri xanımla birlikdə üç övlad böyütmüşdü: Hüseyn, Zərifə və Aidə. Azərbaycan üçün xidmət göstərən üç övlad…

Qəribədir, hər kəlməsinin başında “vətən” dayanan Hüseyn Quliyevin ömrünün yarıdan çoxu vətəndan uzaqda keçib. O, vətənə, vətəndən uzaqda xidmət edib. Hazırda isə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiridir. Fövqəladə və səlahiyyətli… İki məsuliyyətli ifadəni özündə birləşdirən vəzifə sahibi haqqında, demək olar ki, hər kəs eyni sözü deyirdi: çox sadə insandır.

Bu təqdimat bizə ona görə bu qədər xoş gəlirdi ki, adətən, belə yüksək postda yer alan şəxslər onun qədər əlçatan olmur, türk qardaşlarımız demiş, onunla muhattap olmaq belə asan olmur, qapıları daim açıq olmur. Özbəkistana səfərimiz zamanı ilk olaraq qürbətdə yaşayan həmvətənlərimiz kimi biz də o qapıdan içəri girib, səfirimizi daha yaxından tanımaq, tanıtmaq istədik. Bu sadəliyin arxasında dayanan ömür yolu maraqlıydı. Və biz səfirimizi şənbə günündə, kostyum-qalstuksuz, qeyri-rəsmi söhbətimizdə tanıdıq, bu ömür yolundan agah olduq…

Yenicag.az Xeber365.com-a istinadən Hüseyn Quliyevin müsahibəsini təqdim edir:

Hüseyn Quliyev Naxçıvanda hərbiçi ailəsində doğulub-böyüyüb:

– Ancaq atamın işiylə bağlı orta məktəbi Naxçıvanda başa vura bilmədim. 11-ci sinifi bitirib, Neft və Kimya İnstitutuna qəbul oldum. İnstitutu bitirəndən sonra isə 2 il də Moskvada oxudum. Daha sonra Xarici İşlər Nazirliyinin xətti ilə başqa-başqa ölkələrdə çalışmağa başladım. Sovet İttifaqı dağılandan sonra da Moskvada qalmalı oldum. Ümumiyyətlə, mən 41 il Moskvada yaşamışam. Bir ara şəxsi bizneslə məşğul oldum. Orda neft şirkətində vitse-prezident vəzifəsində işlədim, Moskva-Bakı şirkətlərarası əlaqələr yaratdım. O vaxtlar Azərbaycanda fabrik və zavodlar mazut yandırırdılar. Bu şirkət o vaxtlar Azərbaycana qaz verirdi. Bu da iqtisadi baxımdan Azərbaycan üçün faydalı idi. Onda Moskvada şərtlər çox ağır idi, bu şərtlər altında illərlə çalışdım. Nəhayət, 2008-ci ildə Azərbacana qayıtdım.

Bir oğlum, bir qızım var. Qızım Bakıya bizdən tez qayıtdı və Azərbaycan Dillər Universitetində təhsil aldı. Oğlum isə Moskvada oxudu.

– Övladlarınız harda dünyaya gəlmişdi?

– Oğlum Moskvada, qızım isə Kiprdə anadan olmuşdu. İndi hər ikisi evildir, nəvələrim də var: Hüseyn, Mədinə, Əli.

– Bəs harda ailə qurmuşdunuz?

– Bakıda ailə qurmuşdum, yoldaşım da azərbaycanlıdır. O da Azərbaycan Dillər Universitetini bitirib, ingilis dili müəllimidir.

– Hüseyn müəllim, Moskvada ağır şərtlər altında çalışdığınızı dediniz. Bəs vətəndən uzaqda yaşamaq necə, çətiniydimi?

– Deyirlər, vətəni ondan uzaqda olanda daha çox sevirsən. Bu, həqiqətən belədir. Gərək doğulub-böyüdüyün, yetişdiyin vətəninlə əlaqələri qırmayasan. Biz 80-90-cı illərdə Bakıda olub-bitən hadisələri eşidirdik, təbii ki, çox narahat olurduq.

Qürbətdə olanda vətən daha şirin olur. Adam yaşa dolduqcada öz ölkənə gedib-gəlmək də çətinləşir. Həsrətin artır, daha çox darıxırsan.

Mən 2008-ci ildə vətənə qayıdanda artıq Bakı Avropa şəhəri kimi idi. Sonra dediyim kimi, Xarici İşlər Nazirliyinin xəttiylə xaricdəki səfirliklərimizin boşluqlarını, problemlərini öyrənmək üçün başqa ölkələrə gedib-gəlirdim: Avstiriya, Fransa, Almaniya… Baxıb görürəm ki, Bakıda olan gözəllik heç onlarda yoxdur.

Bakını gözəlləşdirən, doğmalaşdıran həm də insanlarının istiliyidir. Biz qonaqpərvərik. Bir istəyim var ki, bu qonaqpərvərlik həmişə var olsun. Söhbət tolerant siyasətdən gedir. Tolerantlıq dövlətçilik siyasətimizin tərkib hissəsidir. Bir də ölkədə baş verən müsbət dəyişikliklərə qiymət vermək lazımdır.

– Hüseyn müəllim, işinizlə bağlı çox ölkədə olmusunuz. Sizə də elə gəlirmi ki, bizdə vətənpərlik hissi arzuolunan dərəcədə deyil. Düzdür, “Aprel döyüşləri”ndə, cəbhədə gərginlik yaşananda bütün fərqli düşüncəli, partiyalı insanlar bir yumruq kimi birləşirlər. Ancaq bu, hər deyəndə belə olmur, bir sevinib, bir kədərlənə, vətən naminə birləşə bilmirik. Siz bunu nə ilə əlaqələndirərdiniz, dövlətçilik ənənələrinin yaşının azlığı, Sovet İttifaqının beynimizə, hisslərimizə siraəti ilə, yoxsa?..

– Bilirsiniz, biz 70-80 il Sovet əsarətində yaşamışıq. Buna görə də bizdə o dərəcədə vətənpərvərlik hissinin olması hələ çətindir. Bizdə mentalitet hələ dəyişməyib. Hələ bizim beynimizdən “Sovet” sözü silinib-getməyib. Bir məqamı deyim ki, gənclərimiz xarici ölkələrdə təhsil alıb, qayıdırlar. Başqa ölkələrdə gördükləri, hiss etdikləri birlik, vətənpərvliyi öz ölkəmizdə işlərində göstərsinlər. Təbii ki, bu da ölkənin gələcəyi üçün çox yaxşıdır.

Sizə deyim ki, idarəçilik işi çox çətindir. Kimdən soruşursan ki, sən prezident ola bilərsən? Deyir ki, elə mən olmalı idim də… Böyük kütləni idarə etmək müşkül məsələdir.

Sovet İttifaqı dövründə Azərbaycanın adı tanınmırdı, heç bizi Moskvada tanımırdlar. Ancaq İrəvan və Gürcüstanı qismən tanıyırdılar. Amma indi Azərbaycan irəlidədir. İndi dünyanın hasına getsən, ölkəmizi tanıyırlar. Biz özümüz-özümüzü sevib-dəstəkləməsək, bizə heç kim dəstək olmaz. Bizim millət yaxşı millətdir.

– Vətənə bu qədər bağlı bir insansınız, amma həmişə vətəndən uzaqda yaşamalı, çalışmalı olmusunuz. Siz buna qismət deyib keçirsiniz, yoxsa necə?

– Hə… Onu düz qeyd etdiniz. 40 il vətəndən uzaqda yaşadım, təzəcə artıq vətəndəyəm deyirdim ki, yenidən başqa-başqa yerlərdə işləməli oldum. Bir söz deyim, əgər məni harasa göndərirlərsə, demək ki, mənə inam var. Bir də mənə həvalə edilən işi yerinə yetirməyi özümə borc bilirəm. Gücüm çatan qədər mükəmməl etməyə çalışıram. Saxta işlər heç mənlik deyil.

– Hüseyn müəllim, səfir olmaq yorucudur?

– O, insandan asılıdır. Mən hərəkətsiz qala bilmirəm, daim hərəkətdəyəm. Məsələn, mən oyanan kimi yerimdən qalxıram, qalxdımsa, mütləqdir ki hərəkət edim. Bir də səhər üzümü təraş etməyəndə elə bilirəm ki, üzümü yumamışam. Səhər açılanda qəzet oxumaq, informasiya almaq isə illərdir ənənəyə çevrilib. İnsanlarla görüşmək, onlarla ünsiyyətdə olmaq isə məni sevindirir.

– Burda azərbaycanlılar sizə daha çox nəyə görə müraciət edirlər?

– Müraciətlər müxtəlifdir. Həmvətənlərimizin başqa millətlərlə münasibətləri yaxşıdır. Amma özümüzünkülərlər aralarında problem yaranır. Azərbaycandan gələn iş adamlarının pulunu alıb, vermirlər. Burdakı diasporamızda Azərbacançılıq məsələsi önəm daşımır, ancaq öz gəlirlərini güdürlər. Mədəni məsələlərlə məşğul olmurlar. Onlar bu işləri görsələr, səfirliyə böyük kömək etmiş olardılar.

– Vətən üçün darıxırsınız, qayıdıb gəlmək istərdiniz?

– Hə, istəyərəm. Adam darıxır, əlbəttə ki, darıxıram.

– Hüseyn müəllim, ümumiyyətlə, taleyə, alın yazısına, Allaha inanırsınız?

– Bizə Sovet dövründə elə aşılamışdılar ki, yoxdur. Bizi bu təfəkkürlə yetişdiriblər. Əlbəttə ki, Allah var. Bir böyük qüvvə var ki, dünyanı idarə edir. Və hər şeyin qüvvəyə aid olduğunu düşünürəm, əldə etdiyim uğurların da mənə Allah verib. Kimi əziyyət çəkir, tez uğur qazanır, kimi qazandığı uğurun qiymətini bilmir, itirir. Müşahidələrimə əsasən, uğurlarını öz əməyi ilə qazanan insanlar həmişə qalib olurlar. Mən inanıram ki, yaxşılıq edirsən, qarşına yaxşılıq çıxır. Pislik edirsənsə, pislik. Özünün qarşına çıxmasa da, övladlarının qarşısına çıxır. Mən buna mütləq şəkildə inanıram.

– Sizcə, hansı üstünlüyünüzə görə sizə önəmli vəzifələr, nəhayət, səfirlik həvalə edilib?

– Yəqin ki, bir məshəbə, bir dinə qulluq etdiyimə görə… İnsanın gərək bir üzü olsun. Böyüdüyüm sağlam mühit mənə çox böyük təsir göstərib. Vətəndən kənarda yaşmağımın da burda rolu var.

– Ümumiyyətlə, əldə etdiyiniz nailiyyətləri böyük zəhmət, çətinlik hesabına qazanmısınız, yoxsa şans sizə də gülüb?

– Asan başa gəlməyib, amma şans da gülüb… Əsas şansım budur ki, böyüklərimi mənim Moskvada oxumağı məsləhət bildilər. Orda hər şey vətəndəkindən çətin idi, mənə kömək edən yoxuydu. Ancaq özüm-özümə güvənirdim. Bir şey öyrəndim ki, insan hər şeyi özü etməlidir. Qohuma, dosta, tanışa, bir başqa adama arxayın olmaqla həyat sürmək olmaz. Kim yaxşıdırsa, güclüdürsə, layiq olduğu yerə gəlib çıxır. İrəli getmək üçün bir addımı 100 dəfə atırdım, bir yazını 15 dəfə yazırdım.

– Hüseyn müəllim, bildiyimiz qədər, sizin Heydər Əliyevlə qohumluğunuz var. Yəqin ki, bir böyük kimi o da sizə yol göstərib. Onu necə xatırlayırsınız?

– Mənə Heydər Əliyevlə danışmaq çox çətin idi. İnsan danışanda o, adamın beynini oxuyurdu. Hiss edirdi ki, sən düz danışırsan, yoxsa yalan deyirsən. Çox güclü yaddaşı vardı. Söhbət etdiyin yerdə deyirdi ki, bəs 6 ay bundan qabaq sən mənə filan sözü demişdin axı, bəs niyə hələ də həyata keçirməmisən?.. O, heç vaxt heç kimin sözünü kəsməzdi. Bəzən çox danışırdım, amma yenə də sözümü yarımçıq qoymazdı. Qeydlərini edirdi, deyirdi bunlar barədə daha dəqiq və ətraflı məlumat ver. Yorulmaq bizlməzdi. İşə səhər saat 9-da gəlir, gecə 12-2-yə qədər çalışardı. Hərdən qəbuluna gələndə gecə 2-yə qədər gözlədiyim vaxtlar olurdu. Çox zəhmli insan idi.

– Bəs ailə arasında necə insan idi?

– Çox mehriban və qayğıkeş insan idi.

– Onun həyatınızda, bu yerə gəlib çıxmağınızda nə kimi rolu, məsləhətləri olub?

– Həmişə deyirdi, elə etmə ki, səni kimsə tapşırsın, irəliyə kiminsə vasitəsiylə gedəsən. Elə Moskvaya da onun məsləhətiylə gedib oxudum. İnstitutu bitirəndən sonra mənimlə danışdı, yol göstərdi. Dedi, get, orda sənə heç kim kömək etməyəcək, özün öz ayağının üstündə durmağı öyrənəcəksən. Onun dediklərinin hamısı yüzdə-yüz oldu. Mən məhz Moskvaya getdiyimə görə, o mühitdə oxuyub, yaşayıb, öz ayağım üstündə dayana bildiyimə görə həyat məni irəli apardı, mən bunun şahidi oldum. Bakıda qalsaydım, düşüncə tərzim dəyişməyəcəkdi. Necə ki mənimlə institutda bir oxuyan tanınmış insanların köhnə fikirdə qaldıqlarını görürəm…

– Hüseyn müəllim, 72 yaşınız var, eləmi?

– 72 yaş may ayında olacaq. Siz də məni lap qocaldırsınız… Özümü gənc hiss edirəm. Həyat davam edir; yaşayırıq, toya gedirik, yasa gedirik, gəzirik, dostlarla görüşürük.

– Az yaş deyil. Yəqin ki, bu illər ərzində müşkülə düşdüyünüz, yıxıldığınız, qalxdığınız və ya qalxa bilmədiyiniz vaxtlar olub…

– Əlbəttə, olub. Ən çətin günlərim 90-ci illərə təsadüf edir. Sovet İttifaqı dağıldı, Moskvada işsiz qaldım. İstədim Bakıya gəlim, amma məni qəbul etmədilər. Bunu da belə izah etdilər ki, burda sənin potensialına layiq iş yoxdur. Heydər Əliyevin tövsiyəsiylə yenidən Rusiyaya qayıtdım.

Hələ Moskvada yaxın olduğum tanışlarım, dostlarım vardı ki, üzümə baxıb salam vermirdilər. Halbuki, onların heç birinə pisliyim dəyməmişdi.

– Bütün bunlar dost zərbəsi idi, yoxsa sizin üçün elə bir əhəmiyyət kəsb etmirdi?

– Məni sarsıdırdı gördüklərim, yaşadıqlarım. Evimin içinə gəlib, çörəyimi yeyib, sonra məni “tanımayanlar” olub. Uğuruma paxıllıq edib, bunu üzümə deyənlər da az olmayıb. Onların arasında sağ olanlar da var. Bəziləriylə yenə də salam-sağ ol səviyyəsində münasibətimiz var. Neyləyim, onların səviyyəsinə enəsi deyiləm ki? Ümumiyyətlə, gərək adam bir az abrına sığına.

– Kinli insansınız?

– Yox, qətiyyən.

– Amma yəqin ki, sizin də dəyərləriniz, olar-olmazlarınız var? Məsələn, nəyi bağışlaya bilmirsiniz?

– Gərək, bir dinə qulluq edəsən, çörək kəsdiyin adama qarşı satqınlıq etmək olmaz. Yəni mənim üçün satqınlıq bağışlanmazdır. Bir də bacardıqca yaxşılıq etmək lazımdır. Nə qədər yaxşılıq edirsənsə, o qədər yaxşılıq görürsən.

– Hüseyn müəllim, övladlarınız və nəvələriniz Bakıda yaşayırlar?

– Hə, Bakıda.

– Ömrünüzün yarıdan çoxu vəzifədə keçib, daim başqa-başqa yerlərdə yaşamalı olmusunuz. Yəqin ki, ailənizə yetərincə vaxt, diqqət sərf edə bilməmisiniz. Bu, narazılığa səbəb olmayıb ki?

– Həyat yoldaşımla 41 ildir ki, evliyik. Mən də dediyiniz kimi, həmişə orda-burda olmuşam. O yerlərdə də bizim qohum-əqrəbamız olmayıb. Bizim sözümüz düşəndə, küsüşəndə getməyə başqa yerimiz olmayıb. Bilirdiksə, nə yaşayırıq-yaşayaq, bu evin içində olacaq, bizə qalan bir-birimiz olacağıq. Necə deyərlər, hərlənib-fırlanıb qayıdacağımız yer öz evimiz olacaq. Bizə qarışan da olmayıb. Harada olurdumsa, işləyirdimsə, ailəm də mənimlə birgə olurdula. Bizim ailədə ən əsası, qarşılıqlı anlayış məsələsi olub, uzun illəri birgə keçirməyimizə o kömək edib.

– Xanımınızla evliliyiniz necə olub, ana-ata məsləhətiylə, yoxsa öz seçiminizlə?

– Valideynlərim elə hey məni Bakıya çağırırdılar ki, gəl evlən, sonra yenə gedərsən. Bizdə adətiydi də, evdəkilər oğlanı bir qızla tanış edir, evləndirirdilər. Ancaq mən xanımımla “İnturist”də tanış oldum, ora praktikaya gedirdi. Atam da orda çalışırdı, yanına getmişdim. Qızı gördüm və dedim ki, mən onunla evlənəcəm. Gedib onunla tanış olmaq istədiyimi dedim…

– İlk baxışda eşq… Bu, hardasa, zahiri görünüşə vurulmaq olub. Elə bir xüsusiyyət yox idimi ki, deyəsiniz mənim evlənəcəyim qız belə olmalıdır?

– Yox. İki insan bir yerdə yaşadıqca bir-birinə öyrəşir. Mən görüşdə onu bəyənib, razı olduğum üçün düşündüm ki, bizdə hər şey yaxşı olacaq.

– 41 ildir evlisiniz. Heç bu illər ərzində kiçik qarşıdurmalar olubmu, ailənizi necə qoruya bilmisiniz?

– Olub, söz-söhbətsiz, mübahisəsiz ailə olmur. Amma bir az əvvəl də dedim. Biz valideynlərimizdən uzaqda yaşamışıq, bizim işimizə qarışan olmayıb. Nə olubsa, öz aramızda həll edib, yoluna qoymuşuq. Gərək ailəyə bağlı olasan. Bir-birinə anlayış göstərmək və hörmət etmək isə mütləqdir.

– Rusiya xanımları qısqanclığa səbəb olmurdu ki?

– (gülür) Gərək qısqanclığa zəmin yaratmayasan.

– Hüseyn müəllim, adətən yaşlı nəsil adət-ənənələrə daha çox sadiq olur, bəs qəbul etmədiyiniz mental qaydalarımız nələrdir?

– Bizdə adamlar hamının yanında kimisə danlamağı xoşlayırlar. Elə şeyi heç sevmirəm. Kiminsə səhvini ona adamların içində demək, onu təhqir etmək heç xoşagələn deyil. Bir də böyüklər ailələrə çox müdaxiələr edir. Gərək, ailənin təməlin elə qurasan ki, ona toxunan, qarışan olmasın. Mən ailəmi həmişə bu kimi müdaxilələrdən qorumuşam.

– Yemək və içki zövqünüz necədir, nələri xoşlayırsınız?

– İçki istəyi məclisə, əhvala uyğun olur: araq, konyak, viski… Yeməklərdən isə anamın bişirdiyi yarpaq dolmasını, kiftə-bozbaşı xoşlayıram.

– İşinizlə bağlı, yəqin ki, çox insanla ünsiyyətdə olmusunuz və olursunuz. Bəs özünüzü mənən rahat hiss etdiyiniz adamlar kimlərdir?

– Özümü rahat hiss etdiyim insanlar illərlə münasibətdə olduğum adamlardır. Belədir ki, kimdən xoşun gəlmir, ondan kənarda durursan. Amma Moskvada elə deyildi, gərək işlədiyin adamlarla əlaqəni kəsməyəsən. Yəni işə görə, xoşlamadığın biri olsa da, onunla ünsiyyətdə olmalısan. Çoxdu onlar.

– Bəs ürək dostlarınız var? Ümumiyyətlə, dostlarınız çoxdur?

– Həə, onlar heç də… Bu yaxınlarda Bakıya gələcəm, iki-üç dostum var ki, onlarla görüşəcəyik. Dostum çox deyil, amma çevrəm genişdir.

– Bakıya gələndə əsasən nə yeməyi sifariş verirsiniz?

– Elə hər şey. Bakıya hər gələndə 2-3 kilo kökəlirəm. Amma idmanla məşğul oluram. Hər gün səhər idmanımı edirəm, itim var, onunla yürüyüş edirəm, kilomu qoruyuram.

– Çəkiniz nə qədərdir?

– 84 kilo. Özbəkistana gələndə 94 kiloydum, 10 kilo çəki atmışam.

– Geyinib-kecinməklə aranız necədir? Geyimləriniz özünüz seçirsiniz ?

– Aram yaxşı… Geyimlərimi özüm seçirəm. Yaşıma uyğun olaraq dəblə ayağlaşmağı sevirəm. Təbii ki, mənə yaraşanı və dəb olanı seçirəm. 1500-dən çox qalstukum var.

– Bəs özünüzə məxsus ətriniz var?

– Hə, var: “Hermes”

– Maraqlıdır, mədəni istirahətinizi necə qurursunuz?

– Burda daim tədbirlər, konsertlər olur, iştirak edirəm.

Əvvələr italyan musiqilərinə qulaq asırdım. Yaşa dolduqca öz milli muğamızı və milli musiqiləri daha çox dinləyirəm. Detektiv əsərləri xoşlayıram.

– Rəqs etməklə aranız necədir, öz havanız varmı?

– Yaxşıdır. Həə, “Heyvagülü”… (gülür)

– Futbolla da aranız yaxşıdır, deyəsən. Dünən də, bu gün də televizorunuzda futbol oyununun səsini eşitdik…

– Əvvəllər daha yaxşıydı. “Neftçi” azarkeşi idim. Özüm də futbol oynayırdım. Qurban Qurbanovla o qədər futbol oynamışam ki… Əlbəttə, həvəskar şəkildə. İndi də “Qarabağ”ın oyunları, qələbəsi məni sevindirir, çox sevindirir.

– Hiss etdiyim qədər, azad insansınız. Amma bilmək istərdim, azadlıq anlayışınız nədir, bir çərçivəniz varmı?

– Müəyyən çərçivədə özümü azad hiss edən adamam. Məsələn, Bakıda bağımız Nardarandadır. Orda deyirlər ki, şortla gəzmək olmaz. A bala, istidir də, indi neyləyək? Amma burada belə deyil.

– Bir də “Azərbaycan qadını” ifadəsiylə qadına yanaşma var…

– Elədir, Azərbaycanda qadını qəfəsə salan adamlar var. Qəfəsdəki, hicabdakı qadını ideal qadın elan edirlər. Amma o qəfəsdən, çərçivədən çıxan qadını əxlaqsız, pis… Qadın azadlığının önəmini anlayan kəsim də var, bu, sevindiricidir. Bunun nəticəsidir ki, dünyada ölkəmizi təmsil edən diplomat və digər statuslu xanımlarımız var.

Bütün qadınlara demək-gülmək, əylənmək olar, amma Azərbaycan qadınına yox! Niyə?.. Səbəbi yoxdur, cavabı yoxdur. Başqalarını çərçivəyə salan insanlar, elə özü də qəfəsdə yaşayır.

– Harda, hansı ölkədə özünüzü rahat hiss edirsiniz?

– Vallah, harda dürüstlük, səmimiyyət, sərbəstlik, gülər üz varsa, mən o ölkəni sevirəm.

– Gülər üz də Daşkənddə…

– Hə, burda hər kəsin üzü gülür. Burda birinin üzünə baxsan, sənin üzünə güləcək, salam verəcək. Bizi də çox sevirlər. Azərbaycanın sevinci onların da sevincidir, kədəri onların da kədəridir. Özbək xalqı bizə qardaş millətdir, onlar da bizdəndir. Biz də iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün biz də əlimizdən gələni edirik.

COP29

www.yenicag.az

3376
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv