Hindistanın “erməni sevgisi” İrəvana baha BAŞA GƏLDİ – ŞƏT-dəki hadisənin PƏRDƏARXASI
“Hindistanın Pakistanla düşmənçiliyi Ermənistana zərər vurur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
Analitik Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycanın üzvlük müraciətinə Hindistanın veto qoymasını şərh edib.
Onun sözlərinə görə, hazırda dünyada Azərbaycana qarşı düşmən mövqe tutan dövlətlər sırasında Hindistan da yer alır:
“Fransa kimi Hindistan da Azərbaycana təzyiq göstərmək istədiyini büruzə verir. Hindistan Ermənistanı əvvəllər olduğu kimi, indi də açıq şəkildə dəstəkləyir. Təbii ki, burda əsas məsələ geopolitik xarakter daşıyır. Azərbaycan və Pakistan qardaşlaşmış iki ölkədir və Pakistan Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Hindistan Azərbaycandan qisas almağa çalışır. Çünki, Pakistan və Hindistan arasındakı münasibətlər düşmənçilik xarakteri daşıyır. ŞƏT-in sammitində Azərbaycanın üzvlük niyyətinin Hindistan tərəfindən veto edilməsinin əsas səbəbi məhz bununla bağlıdır. Pakistanla düşmənçilik edən Hindistan Pakistanın dostu, strateji müttəfiqi olan Azərbaycana qarşı qərəzli veto tətbiq edir”.
Politoloq qeyd edib ki, buna qarşılıq olaraq Pakistan da Hindistanın silah yardımı etdiyi Ermənistanın üzvlük müraciətinə veto qoyaraq düzgün mövqe sərgiləyib:
“Eyni zamanda Hindistan Azərbaycanın problemli münasibətləri olduğu Ermənistanı silahlandırır. Məsələ böyük ölçüdə hərbi, siyasi və geopolitik xarakter daşıyır. Təbii ki, Hindistanın bu addımı qətiyyən cavabsız buraxılmayıb. Belə ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünə Hindistanın veto qoymasının cavabında Pakistan da Hindistanın strateji müttəfiqi olan Ermənistanın üzvlüyünə veto qoyub. Nəticədə bunun əsas zərbəsi Ermənistana dəymiş olub. Ermənistan, ilk növbədə, Hindistana bu barədə etiraz etməsi daha doğru ola bilər. Çünki Hindistanın Pakistanla düşmənçiliyi Ermənistana zərər vurur. Azərbaycan ŞƏT-ə üzv olmasa belə, orada təmsil olunan ölkələrin böyük əksəriyyəti ilə ikitərəfli iqtisadi, ticari əlaqələrə malikdir. Xüsusilə də Çinlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və Azərbaycan üçün indiki situasiyada bu tamamilə yetərli görünür”.
Nurlan Cəfəri