Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hökumət virusun yayılma təhlükəsini önləmək üçün...” - Karantin rejiminin sərtləşdirilməsinə DƏSTƏK

“Uzunmüddətli iqtisadi fəaliyyətsizliyə heç bir ölkənin iqtisadiyyatı, maliyyə sistemi davam gətirə bilməz. Bu baxımdan, nəyin bahasına olursa-olsun, insanların maksimum məsuliyyətli davranmalarına və tələb olunan qaydaların vərdişə çevrilməsinə nail olmalıyıq. Vətəndaşların maksimum məsuliyyətli davranmasına ehtiyac var. Yəni insanlar hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmalı və özlərini qorumalıdırlar. Hər kəs bir nəfər kimi maskadan istifadə etsə, xüsusi karantin rejimin qaydalarına uyğun davransa, şübhəsiz ki, yoluxma halları da baş verməyəcək, qısa bir zaman ərzində həyatımızı və sağlamlığımızı təhdid edən bu təhlükə sovuşub gedəcək”.

Yenicag.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli karantin rejiminin sərtləşdirilməsinə münasibət bildirərkən deyib.

O, hər kəsi məsuliyyətli olmağa, tətbiq olunan qaydalara əməl etməyə səsləyib:

“COVİD-19 virusuna yoluxma faktları ilə bağlı statistik göstəricilər aparılan testlərin sayına görə ortaya çıxan nəticələrdir. Və bu təbii ki, əhalinin sayına görə yoluxma hallarının göstəricisi kimi qəbul edilə bilməz. Əgər immun sistemi güclü olan insanların xəstəliyi simptomsuz keçirdiklərini nəzərə alsaq, yoluxma hallarının statistik göstəricilərdən yüksək olduğu qənaətinə gələ bilərik.

Bu arada bir məqama da xüsusi diqqət çəkmək istəyirəm. Bildiyiniz kimi, istər Operativ Qərargah, istər TƏBİB, istərsə də kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları COVİD-19 virusuna yoluxma təhlükəsi ilə bağlı kifayət qədər geniş maarifləndirmə işi aparırlar. Bu iş sosial şəbəkələr üzərindən də uzun müddətdir ki, davamlı şəkildə həyata keçirilir. Belə olduğu təqdirdə, əgər kimlərsə xüsusi karantin rejiminin qaydalarına əməl etmirsə və eyni zamanda onların COVİD-19 virusunun daşıyıcısı olduğu aşkarlanırsa, həmin şəxslərin hərəkətləri təkcə inzibatı yox, həm də cinayət məsuliyyəti yaradır. Bu halda həmin şəxslərin əməli Cinayət Məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma kimi dəyərləndirilə bilər. Cinayət Məcəlləsində COVİD-19 virusu ilə birbaşa bağlı olmasa da, ayrı-ayrı xəstəlik və virusları yaymaqla bağlı müddəalar da var. Hüquqi məntiqə uyğun olaraq, koronavirusun yayılmasının ağır nəticələrə səbəb olması fonunda Cinayət Məcəlləsinin 139, yaxud 140-cı maddəsində nəzərdə tutulan hallar COVİD-19 virusunu yayan insanlara da şamil edilə bilər.

Bunun üçün Cinayət Məcəlləsinə koronavirusla bağlı müvafiq əlavə və dəyişikliklər edilməlidir. Mövcud şərait şübhəsiz ki, sərt tədbirlərin həyata keçirilməsini zəruri edir. Hökumət virusun yayılma təhlükəsini önləmək üçün sərt tədbirlər həyata keçirmək məcburiyyətindədir. Bununla yanaşı, ölkə iqtisadiyyatına dəyən ziyanın davamlı olmaması, iş yerlərinin qorunub saxlanılması üçün də zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yəni insanların özlərini qorumaqla işlərinə davam etmələri üçün mexanizmlər düşünülməli və həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, problem qlobal xarakter daşıyır və bizim düşündüyümüzdən daha uzunmüddətli ola bilər”.

Cəvahir

www.yenicag.az

753