Hörmüz boğazı bağlansa, bu dünya iqtisadiyyatına hansı təsirlər göstərə bilər? - İQTİSADÇI AÇIQLADI
“Bu, hər iki tərəf üçün ciddi iqtisadi zərərlərə və hətta tənəzzülə səbəb ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, Hörmüz boğazının İran üçün strateji əhəmiyyətindən bəhs edib.
İqtisadçı bildirib ki, Hörmüz boğazı İranla Oman arasında yerləşir və xüsusilə İran sahillərinə yaxın hissə daha dərin olduğu üçün gəmilərin keçidi baxımından daha əlverişlidir:
“Bu baxımdan, ərəb ölkələrinin Hörmüz boğazını İran üçün bağlaması real görünmür. Hansısa apokaliptik ssenarilərdən deyil, mövcud geosiyasi vəziyyətdən danışmaq lazımdır. Ümumilikdə, İran neft və qaz ixracını Fars körfəzi vasitəsilə həyata keçirir. Eyni zamanda, ölkə ehtiyac duyduğu məhsulları da məhz bu marşrutla idxal edir. Əgər Fars körfəzində müharibə və ya ciddi qeyri-sabitlik yaranarsa, bu vəziyyət İranın həm sənaye tələbatına, həm də gündəlik istehlak bazarına kəskin mənfi təsir göstərə bilər.
Yəni, uzunmüddətli İran–ərəb münaqişəsindən söhbət gedirsə, bu, hər iki tərəf üçün ciddi iqtisadi zərərlərə və hətta tənəzzülə səbəb ola bilər. Çünki dəniz yolu ilə ticarət İranın həm ixracının, həm də idxalının əsas hissəsini təşkil edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli













