Hörmüz boğazında "barıt çəlləyi": Müharibə qaçınılmazdır? – ŞƏRH
“Tərəflər ortaq məxrəcə gəlməsələr, müharibə qaçınılmazdır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Hörmüz boğazı ətrafında cərəyan edən son prosesləri şərh edib:
“İranla ABŞ arasında İslamabadda birbaşa təmaslı danışıqlar baş tutmasa da, tərəflər arasında təkliflər mübadiləsi həyata keçirilir. ABŞ hələ də blokadanı götürməyib. Buna cavab olaraq İran da qarşı tərəfin müttəfiqlərinə məxsus gəmiləri blokadaya alır və onları ələ keçirir. Artıq bir neçə gəmi İran tərəfindən öz limanlarına çəkilib. Vəziyyətin bu minvalla davam etməsi böhranı yeni hərbi qarşıdurma müstəvisinə çıxara bilər.
Hesab edirəm ki, genişmiqyaslı hərbi toqquşma ehtimalı müəyyən qədər azalsa da, təhlükə tam sovuşmayıb. Amerika ‘yumşaq güc’ və iqtisadi təzyiqlərlə İranı güzəştə məcbur etməyə çalışır. Rəsmi Tehran isə geri çəkilmək niyyətində deyil və Vaşinqtonun İrana qarşı tətbiq etdiyi metodları onların müttəfiqlərinə qarşı reallaşdırır.
Güman edirəm ki, Pakistan, Misir və Türkiyə tərəflərin yenidən danışıqlar masasına oturması üçün vasitəçilik səylərini artıracaq. İran tərəfi Amerikanı qeyri-səmimilikdə ittiham edir. Tehran hesab edir ki, ABŞ-ın tələbləri mahiyyət etibarilə kapitulyasiyaya bərabərdir və əslində, nisbi cəhətdən bu, belədir. Bununla belə, növbəti mərhələlərdə atəşkəsin uzadılması danışıqlar prosesinə zəmin yarada bilər. Tərəflər mütləq şəkildə ortaq məxrəcə gəlməlidirlər, əks halda müharibə qaçınılmaz olacaq.”
Nurlan Cəfəri













