Hörmüz boğazında GİZLİ RAZILAŞMA? — ABŞ-ın 14 bəndlik şərti Tehranı çıxılmaz vəziyyətə salıb
“ABŞ və İran arasında Hörmüz boğazının açılması haqqında yayılan iddialar rəsmi təsdiqlənməyincə sual altındadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.
Politoloq ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:
“Hörmüz boğazının açılması barədə ilkin razılaşmanın olması mümkündür, lakin hələlik rəsmi sənəd imzalanmayıb. ABŞ 14 bəndlik memorandum təqdim edib və yalnız İran bu əsas şərtləri qəbul edəcəyi təqdirdə danışıqlar başlanacaq. Vaşinqtonun əsas tələbləri İranın nüvə proqramı ilə bağlıdır. Rəsmi Tehran 12-15 il ərzində uranı zənginləşdirməmək öhdəliyi götürməli, əlindəki 60 faiz zənginləşdirilmiş uranı Amerikaya təhvil verməlidir; sənəddə bu kimi digər mühüm nüanslar da yer alır. Bu şərtlərin yerinə yetirilməsi Hörmüz boğazının açılmasını da əhatə edir. Yalnız bundan sonra ABŞ blokadanı götürəcək, sanksiyaları tədricən aradan qaldıracaq və İranın dondurulmuş 100 milyard dollar civarındakı aktivləri üzərindən həbs götürüləcək. Bəzi nəşrlərin iddialarına rəğmən, hələlik heç bir rəsmi sənəd imzalanmayıb”.
Siyasi şərhçi qeyd edib ki, razılaşma baş tutarsa, Hörmüz blokadası prosesindən ən çox itki ilə çıxan tərəf İran olacaq:
“Hörmüz boğazının bu şərtlərlə açılmasından uduzan tərəf məhz İran olacaq. Belə ki, Amerikanın şərtləri ilə razılaşmaq, boğazdan nəzərdə tutulan rüsum gəlirlərini əldə edə bilməmək, şəhərlərin dağılması, insan itkiləri və hərbi potensiala dəyən böyük zərbə İranın əsas itkiləridir. Baxmayaraq ki, Tehran əvvəlcə güzəştə getməyəcəyini bəyan etmişdi, hazırkı məqamda geri addım atmağa məcburdur. Çünki blokada İran iqtisadiyyatına ağır zərbə vurub. Artıq bir neçə günə İran neft ixracını tamamilə dayandırmalıdır. Rezervlər dolur, satış imkanı isə yoxdur. Bu səbəbdən quyuları bağlamağa məcburdurlar ki, bu da iqtisadi iflic deməkdir. Əgər İran güzəştə getməsə, ABŞ daha ağır zərbələr endirməkdə davam edəcək”.
Nurlan Cəfəri













