Hörmüz boğazında Türkiyənin 15 gəmisi qalıb
İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar beynəlxalq dəniz nəqliyyatında ciddi çətinliklər yaradıb. Hazırda Hörmüz boğazında Türkiyəyə məxsus 15 gəmi gözləmə mövqeyindədir.
Yenicag.az xəbər verir ki,n Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, gəmilərin heyəti ilə əlaqə saxlanılır və hazırda onlar üçün təhlükəli bir vəziyyət yoxdur:
“Bütün gəmilərin heyəti ilə əlaqədəyik. Hər hansı bir problem yoxdur. Hörmüz boğazında vəziyyət yaxşılaşarsa, onları ərazidən çıxaracağıq”.
Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlar bölgədə gərginliyi zirvəyə çatdırıb. İranın ali rəhbəri Əli Xameneinin və bir sıra yüksək vəzifəli şəxslərin öldürülməsindən sonra rəsmi Tehran cavab addımı kimi İsrail, ABŞ və onların müttəfiqlərinin (Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kipr) yerləşdiyi hərbi bazalara zərbələr endirir. Bu vəziyyət Hörmüz boğazından keçən gəmilər üçün ciddi təhlükəsizlik riski yaradır.












